Mədəniyyət və turizm naziri Fransa nümayəndə heyəti ilə görüşüb

 

 

Fransada Azərbaycana turizm səfərlərinin təşviq edilməsi məqsədilə memorandum imzalanıb

 

İyunun 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın ölkəmizdə səfərdə olan turizm şirkətləri təmsilçiləri və media mənsubları ilə görüşdü.

Nümayəndə heyətini salamlayan nazir iki ölkənin bütün sahələrdə əməkdaşlığının yüksək səviyyədə olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycan Fransa ilə turizm əlaqələrinin genişləndirilməsində maraqlıdır:Son illər ölkəmizin Avropadadünyada daha geniş tanıdılması üçün böyük işlər görülüb. Bu sahədə Fransada da çoxsaylı mədəni tədbirlər, konsertlər keçirilib”.

Vurğulandı ki, ölkəmizin turizm potensialının təbliği məqsədilə dünyanın bir neçə televiziya kanalında tanıtım çarxları nümayiş olunur. Ölkəmiz əksər beynəlxalq turizm sərgilərində layiqincə təmsil olunur. Müxtəlif ölkələrdən, o cümlədən Fransadan Azərbaycana infoturlar təşkil edilir: “Amma hələlik Fransadan Azərbaycana olunan turist səfərlərinin sayı bizi qane etmir. Bu sahədə əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi hər iki tərəf üçün faydalı olacaq”.

Əbülfəs Qarayev turizm sənayesinin Azərbaycan iqtisadiyyatında prioritet istiqamətlərdən olduğunu qeyd edərək son illər bu sahədə böyük irəliləyişə nail olunduğunu bildirdi. Qeyd etdi ki, ölkəmizin zəngin mədəniyyəti, tarixi, gözəl təbiəti və xalqımızın yüksək qonaqpərvərliyi Azərbaycanda turizmin inkişafı üçün böyük imkanlar açır. Bu istiqamətdə işləri davam etdiririk. Xaricdən daha çox turistin qəbul edilməsi üçün vacib addımlar atılır. Viza sistemi sadələşdirilir. İndi bir sıra ölkələrin vətəndaşları birbaşa hava limanlarımızda viza əldə edirlər. Digər ölkə vətəndaşlarının isə elektron turist vizalarını qısa müddətdə əldə edərək ölkəmizə səfər etmələrinə imkan yaradılıb. Yaxın vaxtlarda “ASAN vizasisteminin işə düşməsi ilə bu sahədə görülən işlər daha da təkmilləşəcək. Xarici ölkə vətəndaşları ən geci 3 günü müddətində viza əldə edə biləcəklər.

Fransanın Turizm Agentliklərinin Milli Sindikatının (SNAV) vitse-prezidenti Riçard Soubelle Bakıya səfərin məqsədləri barədə məlumat verdi. Bildirdi ki, əsas məqsəd Fransadan Azərbaycana turist səfərlərinin təşkil olunmasıdır. Bizim əsas məqsədimiz Azərbaycan kimi zəngin mədəniyyətə, tarixə, təbiətə, gözəl memarlıq abidələrinə və qonaqpərvər insanlara sahib bir ölkəni öz vətəndaşlarımıza tanıtmaqdır: “Gəlişimizin də əsas məqsədi kimi Azərbaycana turistlərin cəlb edilməsində maraqlı olduğumuzu vurğulamaq istəyirəm. Azərbaycana Fransadan gələnlərin sayı o qədər də çox deyil. Amma biz Azərbaycanla turizm əlaqələrini inkişaf etdirmək istəyirik. İnanırıq ki, qarşılıqlı fəaliyyətimiz Fransa-Azərbaycan turizm əlaqələrinin inkişafına öz töhfəsini verəcək”.

Riçard Soubelle və digər qonaqlar fransalı turistlərin Azərbaycandan hər zaman xoş təəssüratlarla geri döndüyünü diqqətə çatdırdılar. Eyni zamanda vurğulandı ki, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi nəticəsində yaxın zamanlarda fransalı turistlərin Azərbaycana axınını müşahidə edə biləcəyik. İki ölkənin turizm şirkətləri arasında müzakirələrin aparılmasının da vacibliyi qeyd olundu.

Sonra Fransada Azərbaycanın yeni turizm istiqaməti kimi təşviq edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Fransanın Turizm Agentliklərinin Milli Sindikatı arasında anlaşma memorandumu imzalandı. Sənədi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AZTA-nın sədri Nahid Bağırov və Fransanın Turizm Agentliklərinin Milli Sindikatının vitse-prezidenti Riçard Soubelle imzaladılar.

Görüş turizm sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi ilə davam etdi.

 

Fariz

Mədəniyyət.- 2016.- 29 iyun.- S.5.