İsti günün sənət hərarətli məclisi

 

 

Bəzən deyirlər ki, yay yubiley mövsümü deyil... Dəvət etmək üçün kimsəni tapmaq olmur, gələnlərin də tədbirin sonunadək dözməyə hövsələsi çatmır. Amma gərək tədbir də elə adamlara həsr oluna ki...

 

Uzun sözün qısası, iyunun 24-də Dövlət Teatr Muzeyində Gənc Tamaşaçılar Teatrı ilə birlikdə iki tanınmış aktyorun yubiley tədbiri keçirildi. Tədbir ömrünü adıçəkilən teatra həsr etmiş xalq artistləri Ağaxan Salmanlının 75, Yasin Qarayevin isə 70 illiyinə həsr olunmuşdu. Az qala yarım əsrdən bəri eyni kollektivdə çalışan, dəfələrlə eyni səhnəni bölüşən iki aktyor təbrikləri qəbul etmək üçün yubilyar kürsüsündə də əsl dost kimi yanaşı əyləşib təbrikləri qəbul edirdilər.

İlk çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova yubilyarların çağdaş Azərbaycan teatrına töhfələrindən danışdı, onların uşaq və yeniyetmələrin teatr zövqünün formalaşmasında əməyindən söz açdı. Direktor çıxışının sonunda yubilyarlara teatr muzeyi adından xatirə hədiyyəsi təqdim etdi. Aktyorların çalışdığı teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov isə cavanlıq eşqi ilə yaşayıb-yaradan hər iki sənətkarın bu gün gənclərin teatrında ağsaqqal yeri tutduqlarını diqqətə çatdırdı. Qeyd etdi ki, kollektiv gələn teatr mövsümündə iki sənətkarın yubileyini onların şərəfinə hazırlanan benefis tamaşa ilə qeyd edəcək.

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemət isə artıq klassik nümunə sayılan "Danabaş kəndinin məktəbi" tamaşasında, eləcə də digər tamaşalarda həm Ağaxan Salmanovun, həm də Yasin Qarayevin parlaq ifasını xatırlatdı.

Rejissor, Xalq artisti Ramiz Həsənoğlu isə öz çıxışında yubilyarlarla Azərbaycan televiziyasının ən məşhur tamaşalarında birgə fəaliyyətini yada saldı.

Yazıçı-dramaturq Əli Əmirli Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulan əsərlərində istər Yasin Qarayevin aktyor, Ağaxan Salmanlının isə həm də quruluşçu rejissor kimi fəaliyyətindən söz açaraq, onlarla birgə işləməkdən müəllif olaraq zövq aldığını vurğuladı.

Uzun illərdən bəri yubilyarlarla eyni səhnəni paylaşan Xalq artisti Tariyel Qasımov, əməkdar artistlər Almaz MustafayevaAtabala Səfərov sənət bioqrafiyalarına yazılmış tamaşalar üzərində birgə çalışmalarını xatırladılar.

Gənc aktyorlar Elnur Kərimov və Elnur Hüseynov ağsaqqal sənətdaşlarının teatr və həyat barədə tövsiyələrinə hər zaman ehtiyac duyduqlarını, sənəti sevməyi onlardan öyrəndiklərini bildirdilər.

Tədbirdə çıxışların arasında Ağaxan Salmanlının və Yasin Qarayevin yaradıcılığına həsr olunmuş slayd-şoular, onların iştirak etdikləri tamaşalardan və çəkildikləri filmlərdən fraqmentlər nümayiş etdirildi.

Tədbirin sonunda yubilyarlar onların yaradıcılığına göstərilən diqqətə görə həm Teatr muzeyinə, həm çalışdıqları teatrın rəhbərliyinə və çox isti havada onları sayıb gələn hər kəsə minnətdarlıqlarını bildirdilər.

 

G.Mirməmməd

Mədəniyyət.- 2016.- 29 iyun.- S.6.