İran və Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı artıb

 

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən son illər ərzində ölkəmiz üçün prioritet turizm bazarı olan İran üzrə təbliğat işinin səmərəli təşkili (İranda beynəlxalq turizm sərgilərində iştirak, infoturların keçirilməsi və s.), elektron vizanın tətbiqi, həmçinin, İranla Azərbaycan arasında olan ortaq tarixi mədəni dəyərlər və coğrafi yaxınlıq bu ölkədən olan turistlərin Azərbaycana səfərini stimullaşdırır.

Bu ilin 5 ayı ərzində İrandan Azərbaycana səfər edən vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz artaraq 74 890 nəfər təşkil edib.

İrandan gələn xarici vətəndaşların səfəri daha çox Novruz bayramına təsadüf etdiyi üçün ən çox artım (87% ) mart ayında qeydə alınıb. Bu il Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəmizə gələn turist sayı da artmaqdadır. Belə ki, ötən ilin may ayı ilə müqayisədə (99 nəfər) 2016-cı ilin may ayında (3 min nəfər) BƏƏ-dən ölkəmizə səfər edən vətəndaşların sayı 30 dəfə artıb.

Bu artım son bir neçə il ərzində nazirliyin Marketinq Strategiyası əsasında təbliğat işlərinin gücləndirilməsi, BƏƏ-nin Dubay və Şərca əmirliklərində keçirilən beynəlxalq turizm sərgilərində ölkəmizin turizm potensialının təbliği, 2011-ci ildən etibarən Dubayda nazirliyin turizm nümayəndəliyinin (“Atlantis Holidays” şirkəti) fəaliyyət göstərməsi, həmçinin, 2015-ci ilin noyabrından etibarən adıçəkilən ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiqi nəticəsində baş verib.

 

Mədəniyyət.- 2016.- 29 iyun.- S.7.