Sumqayıt Dövlət Rəsm Qalereyasında “Rənglərin rəqsi”

 

 

Sumqayıt Dövlət Rəsm Qalereyasında şəhər Mədəniyyət və Turizm idarəsinin, “Böyükdüzlü ART” Həvəskar Rəssamlar Birliyinin dəstəyi ilə “Rənglərin rəqsi” adlı sərgi keçirilib.

Silahlı Qüvvələr Gününə həsr edilmiş sərgidə rəssamlar Şəmsəddin Böyükdüzlü, Nuranə Əliyeva, Ülviyyə Abdullayeva, Ahmet Kaya, Fuad Qəmbərov və başqalarının 25 əsəri nümayiş olunub. Ekspozisiyada dekorativ-tətbiqi sənət ustalarının əl işləri də yer alıb.

Sərgilənən əl işlərinin əksəriyyəti vətənpərvərlik mövzusuna həsr edilib. Azərbaycan bayrağının rənglərini özündə ehtiva edən əsərlərdə ölkəmizin haqlı mübarizədən qalib çıxacağına əminlik ifadə olunub.

Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova rəssamları təbrik edərək onlara xoş arzularını çatdırıb. Müəlliflər Mədəniyyət və Turizm idarəsi tərəfindən fəxri fərmanla təltif edilib.

Sonda şəhər Mədəniyyət evinin özfəaliyyət kollektivinin ifasında təqdim olunan konsert proqramı maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2016.- 29 iyun.- S.10.