Tarixin acı səhifəsi

 

Tədris ocaqlarında Xocalıya həsr olunmuş tədbirlər

 

Fevralın 25-də Bakı Xoreoqrafiya Akademiyasında Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə yazıçı-publisist Zemfira Məhərrəmli, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova çıxış ediblər. Çıxışlarda Xocalı soyqırımının, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı həqiqətlərin beynəlxalq miqyasda yayılması, bu sahədə xaricdə yaşayan həmvətənlilərimizin gördüyü işlərdən söz açılıb.

Bakı Xoreoqrafiya Akademiyasının yetirmələrinin ifasında faciəyə həsr olunmuş şeirlər səslənib. Tədbirdə Xocalı şəhər 2 saylı musiqi məktəbinin kollektiviiştirak edib.

* * *

Fevralın 26-da Azərbaycan TurizmMenecment Universitetində (ATMU) “Heydər Əliyev” lektoriyasının təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Universitetin rektoru, professor Cəfər Cəfərov XX yüzillikdə ermənilər və onların havadarları tərəfindən xalqımıza qarşı həyata keçirilən qırğınlardan bəhs edərək bildirib ki, Xocalı faciəsi bu tarixin ən qanlı səhifəsidir.

ATMU-nun ictimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfüqarlı faciənin başvermə səbəblərini təhlil edib.

* * *

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” tədris teatrında Xocalı soyqırımının 24-cü ildönümü anılıb.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Fərəh Əliyeva Xocalı soyqırımının təkcə Azərbaycanın deyil, ümumən insanlıq tarixində ən dəhşətli qırğınlardan biri olduğunu deyib.

Mərasimdə 11 saylı uşaq internat məktəbinin şagirdləri, eləcə də Qarabağ müharibəsindən bəhs edən "Dolu" filminin yaradıcı heyəti iştirak edib. Filmin rejissoru Elxan Cəfərov ekran əsərinin ideyası, çəkiliş prosesi barədə danışıb. Sonra yazıçı-publisist Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmiş “Dolufilmi nümayiş olunub.

Mədəniyyət və İncəsənət Universitetində Xocalı faciəsinə həsr olunan daha bir tədbir fevralın 26-da keçirilib. Universitetin kulturologiya fakültəsinin dekanı Vasif Adilov giriş sözündə soyqırımı müsibətlərindən, tariximizin o ağır dövründən bəhs edib.

Tədbirə dəvət olunmuşVisions of Azerbaijan” jurnalının redaktoru, britaniyalı jurnalist İan Piert “Xocalı xarici vətəndaşların gözü ilə” mövzusunda çıxış edib, faciəyə həsr etdiyi kitabı haqqında məlumat verib.

Universitetin rektoru Fərəh Əliyeva çıxış edərək bütün insanlığa qarşı olan bu vəhşiliyi dünyaya çatdırmağa çalışan qonağa təşəkkürünü bildirib. Tələbələrin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

* * *

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan S.Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbində Xocalı soyqırımının ildönümünə həsr olunmuş sərginin açılışı olub. Sərgidə məktəbin rəssamlıq şöbəsinin şagirdlərinin rəsmləri və heykəltəraşlıq sinfinin əl işləri nümayiş olunub.

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru, fəlsəfə doktoru Ramazan Şabanov və məktəbin direktoru, Əməkdar müəllim Vaqif Abbasov çıxış edərək sərginin təşkilində əməyi olan müəllim və şagirdlərə təşəkkürlərini bildirib, onlara gələcək işlərində uğur arzulayıblar.

 

Mədəniyyət.- 2016.- 2 mart.- S. 7.