Xalq artisti ilə vida mərasimi

 

Fevralın 26-da R.Behbudov adına Dövlət Mahnı Teatrında müasir Azərbaycan estrada sənətinin tanınmış nümayəndəsi, Xalq artisti, Prezident təqaüdçüsü İlhamə Quliyeva ilə vida mərasimi keçirildi. Mərasimə hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri toplaşmışdı. Salonda müğənninin vaxtilə ifa etdiyi unudulmaz xalq və bəstəkar mahnıları səslənirdi. Mərhumun tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından, müxtəlif qurumlar və kollektivlər adından əklillər düzülmüşdü.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xalq artistinin həyat yolundan və sənət aləmindən söz açdı. Bildirildi ki, milli musiqimizin inkişafında böyük xidmətlər göstərmiş bir ailənin nümayəndəsi olan İlhamə Quliyeva 1943-cü ildə anadan olub. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1980-ci ildən Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olub. Müasir musiqi mədəniyyəti xəzinəmizin zənginləşməsi yolunda böyük əmək sərf edib, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev və digər görkəmli Azərbaycan bəstəkarlarının bir çox mahnılarının ilkmahir ifaçısı kimi tanınıb. Milli musiqimizi ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təmsil edib. Müğənninin musiqi mədəniyyəti sahəsində xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, respublikanın Xalq artisti (1998) adına, “Şöhrət” (2002) və “Şərəf” (2013) ordenlərinə layiq görülüb.

Xalq artistləri Faiq Sücəddinov, Canəli Əkbərov, Natəvan Şeyxova və Yalçın Rzazadə İ.Quliyevanın sənət dünyasından danışaraq, xatirələrini bölüşdülər. Bildirdilər ki, görkəmli müğənni səhnəyə qədəm qoyduğu ilk vaxtlardan milli ifaçılıq məktəbinin zəngin ənənələrini davam etdirməklə yanaşı, estrada sənətinə yeni nəfəs gətirib.

Mərhumun ailəsi adından çıxış edən Orxan Nadirov anasının xatirəsinə göstərilən hörmət və ehtirama görə dövlətimizin başçısı İlham Əliyevə və vida mərasiminə toplaşanlara dərin minnətdarlığını bildirdi.

Sonra İlhamə Quliyevanın cənazəsi son mənzilə yola salındı. Mərhum II Fəxri xiyabanda dəfn olundu.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 2 mart.- S. 6.