Azərbaycanlı və fransız ifaçıların caz-muğam konserti

 

Xəbər verdiyimiz kimi, fransalı musiqiçi Pierre de Tregomain bir aya yaxındır ölkəmizdədir. O, xanəndə Qoçaq Əsgərovdan muğamlarımızı öyrənir və onları cazla sintez etmək istəyir.

 

Fevralın 29-da YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycanda Fransız İnstitutu, Fransanın ölkəmizdəki səfirliyi ilə birgə fransalı musiqiçinin Qoçaq Əsgərovla caz-muğam konserti keçirildi.

Tədbirdə çıxış edən Fransanın ölkəmizdəki səfiri Aureliya Buşez musiqi axşamını Şərq və Qərb mədəniyyətlərinin qovuşması adlandırdı, tamaşaçıların konsertdən böyük zövq alacaqlarına inandığını söylədi.

Musiqişünas Sənubər Bağırova cazmen Pierre de Tregomain ilə muğam ifaçısı Qoçaq Əsgərovun sənət dostluğuna yardımçı olmasından məmnunluğunu bildirdi. O, fransalı cazmenin az müddətdə muğamlarımızı öyrənmək bacarığını yüksək dəyərləndirdi. Qeyd etdi ki, Şərq ənənəvi musiqi janrlarına böyük maraq göstərən cazmen bir neçə ildir Pakistan və İranın sufi mahnılarına müraciət edir. İndi isə onu Azərbaycan muğamları cəlb edir.

Konsertdən öncə tamaşaçılara S.Bağırovanın müəllifi olduğu ingilis dilində “Muğam” sənədli filmindən parça nümayiş etdirildi, sonra ifalar başladı.

Qoçaq Əsgərov və Pierre de Tregomain ilk olaraq “Bayatı-Şiraz” muğamını ifa etdilər. Fransalı sənətçi əsasən caz oxusa da, arada muğama yön aldı, hətta kiçik boğaz qaynatmaları da nümayiş etdirərək alqışlar qazandı. Ardınca “Rast” muğamından bir parça ifa etdi.

Sonra konsert ifaçıların birgə improvizələri ilə davam etdi. Onları tarda İsmayıl Zülfüqarov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət edirdilər.

 

Soltan

 

Mədəniyyət.- 2016.- 2 mart.- S. 4.