Faciə və qəhrəmanlıq tariximizin ekran təcəssümü

 

Milli Qəhrəmanlar haqqında sənədli filmlərin təqdimatı

 

Fevralın 26-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Milli Qəhrəmanlar Elman Hüseynov, Füzuli Rüstəmov və Əliyar Əliyevə həsr olunmuş "Xocalının zamini", "İlk əsgər" və "Pəhləvan komandir" sənədli filmlərinin təqdimatı keçirildi.

 

Təqdimatda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərasimin Xocalı faciəsi qurbanlarının ruhuna ehtiram olduğunu bildirdi: “Bu gün Xocalı soyqırımının 24-cü ildönümünü qeyd edirik. Faciə bütün dünyada əhatəli şəkildə tanıdılır və xalqımızın haqq səsi mötəbər ünvanlara çatdırılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı həqiqətləri dünyanın onlarla ölkəsində yayılmış, 10-dək ölkədə bu, soyqırımı kimi tanınmışdır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də xalqımızın qan yaddaşının bugünkü və gələcək nəsillərə çatdırılması, Xocalı faciəsi və ümumilikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin məruz qaldığı hərbi təcavüz barədə həqiqətlərin daha qlobal miqyasda yayılması üçün müxtəlif layihələr həyata keçirilir. Xocalı faciəsi bütün xalqımızın acısıdır. Eyni zamanda bu ağrı hər birimizin ürəyində bir mübarizlik hissi yaradır”.

Qeyd olundu ki, “Yaddaş” və “Salnamə” sənədli filmlər studiyalarında lentə alınan ekran əsərləri xalqımızın qəhrəman oğullarına həsr edilib. Bu günədək 40-dək Milli Qəhrəmanımız haqqında filmlər çəkilib: “Bu filmlər gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, qəhrəmanlıq səhifələrimizin unudulmaması üçün mühüm bir töhfədir. Təqdim edilən filmlər vətən oğullarının necə qəhrəmanlıqlar göstərdiyini sübut edir. Ekran əsərlərindən onların keçdiyi döyüş yolu və həmin dövrdə baş verən hadisələr əksini tapmışdır”.

Nazir çıxışında onu da vurğuladı ki, tarixin yaşaması üçün siyasi addımlar kifayət etmir. Hər bir hadisənin yaradıcı insanlar tərəfindən dərk edilməsi, yaradıcılıq nöqteyi-nəzərindən yaşadılması vətəndaşlıq vəzifəsi və borcudur. Faciənin ildönümü ilə əlaqədar soyqırımı abidəsinin ətrafında Azərbaycan rəssamlarının Xocalıya həsr olunan rəsm əsərlərindən ibarət sərgi təşkil edilib: “Təqdim edilən əsərlər o dəhşətli anları unudulmağa qoymur. Azərbaycan bəstəkarları Xocalıya həsr edilən əsərlər yaradırlar. Bu gün təqdim edilən filmlər isə həm faciə, həm də qəhrəmanlıq səhifəmizin nümayişidir. Biz bu filmlərdə bir daha Azərbaycan oğullarının öz vətənlərinə nə qədər sadiq qaldıqlarının şahidi oluruq”.

Sonra ekran əsərlərinin yaradıcı heyəti səhnəyə çıxdı. Rejissorlar Nizami Abbas, Zamin Məmmədov filmlərin ərsəyə gəlməsinə dəstək olan təşkilatlara təşəkkürlərini bildirdilər. Milli Qəhrəmanların ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, filmlərin çəkilməsində təşəbbüs göstərən Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıqlarını ifadə etdilər.

Daha sonra ekran əsərləri nümayiş olundu. Qarabağ müharibəsi və Xocalı soyqırımından bəhs edən filmlərdə Müdafiə Nazirliyinin foto-video və sənədli filmlər studiyasının arxivindən istifadə edilib.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.-  2 mart.- S. 4.