Müasir Azərbaycan ədəbiyyatı antologiyası” fransız dilinə tərcümə olunacaq

 

Fransanın ölkəmizdəki səfiri Aureliya Buşez Azərbaycan Tərcümə Mərkəzində olub. Mərkəzin direktoru Afaq Məsud fəaliyyətləri, həyata keçirdikləri layihələr barədə qonağa məlumat verərək bildirib ki, dünya ədəbiyyatından tərcümə edilən əsərlər sırasında Fransa ədəbiyyatına da böyük yer ayrılıb. Jorj Simenon, Marsel Prust, Fransua Moriak, Artur Rembo, Olivye Rolan, Lui Ferdinand Selin, Pol Verlen, Marqerit Düras və digər məşhur fransız ədiblərinin əsərləri hələ 90-cı illərdən mərkəz tərəfindən tərcümə və nəşr olunaraq, Azərbaycan oxucusuna çatdırılıb. 2014-cü ilin Nobel mükafatçısı Patrik Modianonun əsərləri tərcümə və nəşr olunub. Azərbaycan ədəbiyyatını dünyaya tanıtmaq istiqamətində görülən işlərdən söz açan A.Məsud “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” ikicildliyinin artıq dillərə rus dilinə tərcümə edilərək Moskvada nəşr olunduğunu, ərəb və türk dillərində nəşrinin nəzərdə tutulduğunu deyib. Bildirib ki, antologiyanın fransız dilinə tərcüməsinin mükəmməl səviyyədə alınması üçün Fransanın əlaqədar qurumları ilə əlaqə yaratmaq, bu işi fransız bədii tərcümə ustaları, yazıçı və şairləri ilə birgə həyata keçirmək niyyətindəyik.

Öz növbəsində səfir Fransa ədəbiyyatına göstərilə marağa görə minnətdarlığını bildirərək əlavə edib ki, antologiyanın həm mükəmməl tərcüməsi, həm də nəşri ilə bağlı məsələlərin həllində mərkəzə yardımçı olacaq:Fransa ədəbiyyatının Azərbaycanda bu səviyyədə tanıdılması, yalnız sevincqürur hissi doğurur. Həqiqətən də, ədəbiyyat dünya xalqları və ölkələri arasında qarşılıqlı anlaşmanın ən qısa və sabit yoludur. Azərbaycan ədəbiyyatının Fransada tanıdılması da təqdirəlayiq bir hadisədir. Bu işdə sizə köməklik göstərməyə hazırıq”.

Görüşün sonunda səfirə Nobel mükafatı laureatı Patrik Madianonun Azərbaycan dilinə tərcümə olunmuş kitabı təqdim edilib.

 

Mədəniyyət.- 2016.- 4 mart.- S. 15.