Teatrlar arasında rəqabət olmalıdır”

 

“Əgər teatr öz tamaşaçısı ilə münasibəti düzgün qurarsa, maraqlı tamaşalar hazırlayarsa, tamaşaçı indikindən də baha qiymətə bilet alacaq

 

Azərbaycan teatr mühitinin mətbəxinə az-çox bələd olanlar üçün Şaiq Səfərov tanınmış isimdir. Təxminən son on ildə teatrlarımızın beynəlxalq əlaqələrinin qurulmasında, ölkəmizdə beynəlxalq teatr konfransı və festivallarının keçirilməsində yaxından iştirak edib. Onunla söhbətimiz 10 mart - Milli Teatr Günü ərəfəsinə təsadüf etdi. XXI əsrin teatrı necə olmalıdır, asudə vaxt keçirməyə dair təkliflər bolluğundan yaranan rəqabətə teatr necə tablaşmalıdır, teatr tamaşaçının tələbini nəzərə almalıdır, yoxsa, onun istəyinin ardınca getməlidir kimi suallara Azərbaycan Teatr Treninq Mərkəzinin direktoru Şaiq Səfərovdan cavab istədik.

 

- Teatr elə bir aləmdir ki, onun qayğıları, problemləri heç zaman tükənmir. Bir neçə il əvvəl Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatrlarımızın rəhbərliyində əsaslı dəyişikliklər, idarəetmə ilə bağlı islahatlar aparıldı. Teatra bu günün tələblərinə cavab verən, yeni texnologiyaların tətbiqinə hazır insanlar rəhbərlik etməlidir. Bu proseslər müsbət nəticələrini verməkdədir. O cümlədən artıq paytaxt teatrlarında boş salon problemi yoxdur. Bu, nazirliyinteatr rəhbərlərinin uğurudur. Biz sürətlə yeniləşən dünyada yaşayırıq. Deməli, cəmiyyətin güzgüsü olan teatr da dəyişməlidir, yeni qaydalarla işləməlidir. XXI əsr menecment əsridir. Biz teatrların işini menecment qanunlarına uyğun qurmalıyıq ki, teatr yaşaya bilsin.

 

- Bəs bunu ağrısız, itkisiz, həm də teatrın yüksək sənət ocağı imicinə zərər vurmadan necə etmək olar?

- Bir neçə il əvvəl Bakıdakı teatr direktorları və direktor müavinləri ilə görüşümüz oldu. Onlara bir sual verdim: bu gün tamaşaçı teatrda nəyi, hansı əsərləri görmək istəyir: tarixi, yoxsa müasirliyi, Azərbaycan, ya xarici ölkə əsərlərini, faciə, yoxsa komediya? Birmənalı cavab verən olmadı. Bir teatrın direktoru suala sualla cavab verdi ki, biz bunu tamaşaçıdan soruşmalıyıq ki? Təbii ki, tamaşaçının fikri, istəyi əsas götürülməlidir. Bir dəfə «teatr kimin üçün işləyir?» sualı ilə müraciət etmişəm. Rejissorlar deyirlər ki, biz ideyalarımızı həyata keçiririk. Aktyorlar deyirlər ki, öz istedadımızı göstəririk. Teatrşünaslar isə deyirlər ki, əgər biz tamaşanı bəyənməsək, tamaşaçı ona baxmayacaq. Amma tamaşa - tamaşaçılar üçündür. Bizdə istedadlı insanlar çoxdur, amma nə qədər istedadlı, ağıllı, bilikli olsalar da, yazıçı - öz zövqünə görə yaza, rejissor da öz zövqünə görə tamaşa hazırlaya bilməz.

 

- Şaiq müəllim, tamaşaçılar da müxtəlifdir axı...

- Elədir. Son illər bütün dünyada teatr amansız rəqabət şəraitində işləyir. Əyləncə yerləri, asudə vaxt keçirmək imkanları genişdir. Məsələn, tutaq ki, həyat yoldaşım mənə deyir ki, gəl, bu axşam filan tamaşaya gedək. Amma məhz həmin gün axşam televizorda futbol matçı göstəriləcək, başqa bir yerdə konsert var, tərslikdən də ailəvi dostlarımız bizi bir restoran-kluba dəvət edirlər. Hansını seçməli?

 

- Deməli, teatrda oynanılan tamaşa o qədər maraqlı olmalıdır ki...

- Teatr tamaşası müasir tamaşaçının zövqünü oxşamalıdır.

 

- Bəs tamaşaçı teatrda da ucuz gülüş, bəsit şou axtarırsa, onda necə olsun?

- Bu gün teatr kommersiyalaşma təhlükəsi ilə üz-üzədir. Kassa yığımı niyyətilə tamaşalar qoyulsa, teatr aliliyini itirəcək. O yoldan geri qayıtmaq çox çətin olacaq. Buna görə də tamaşaçının inkişafına çalışmalıyıq. Yoxsa bir gün ayılıb görəcəyik ki, gözəl bir tamaşaya kimsə baxmaq istəmir. Məsələn, niyə görə teatrların, ayrı-ayrı görkəmli teatr aktyorlarının, tanınmış rejissorların, dramaturqların fan-klubları olmasın? Məgər onların pop-kultura sahəsinin ulduzları qədər deyəcək sözləri yoxdur? Teatr - istər səhnədə, istərsə də virtual məkanda - fəal olmalı, öz tamaşaçısını yaxşı tanımalıdır.

Sovet dövründə əhalidə teatra getmək tələbatı, ənənəsi formalaşmışdı. Ən azı, ziyalı mühitində hansısa yeni tamaşanı görməmək ayıb sayılırdı. Biz bunu sovet cəmiyyətinin tərbiyəsi ilə bağlaya bilərik. Amma bütün dünyada, kapitalist aləmində də belədir. Bir xarici neft şirkətində ictimaiyyətlə əlaqədar şöbəsinə başçılıq etdiyim illərdə dəfələrlə onların qara fəhlə hesab etdikləri sıravi neftçilər üçün opera teatrına bilet almışam. Onlar əmindirlər ki, hər kəs operabalet teatrına getməli, tamaşaya televizor ekranından yox, salondan baxmalıdır.

 

- Mən hər dəfə bizim OperaBalet Teatrında olanda tamaşaçıların təxminən dörddəbirinin əcnəbilər olduğunu görürəm. Onlar nəinki klassik Avropa əsərlərinə, muğam operalarına da maraq göstərirlər.

- Çünki mənəvi tələbatları var. Bizöz tamaşaçılarımızda bu tələbatı oyatmalıyıq. Digər tərəfdən, teatrlar arasında rəqabət də olmalıdır. Məsələn, üç milyon əhalinin yaşadığı Bakıda bir dramatik teatr, rus dilində tamaşa oynayan bir teatr, eləcə də bir kukla, bir gənclər, bir dənə də musiqili teatr var. Hamı da əmindir ki, opera tamaşasına baxmaq istəyən yalnız Akademik OperaBalet Teatrına getməlidir, çünki başqa seçim yoxdur. Bu da teatr kollektivlərində arxayınlıq yaradır. Digər tərəfdən, bütün teatrlar mərkəzdə cəmləşib. Hərçənd Bakı o qədər böyüyüb, o qədər genişlənib ki, Əhmədlidə, Lökbatanda yaşayan şəxs yolun uzunluğu, tıxaclar və s. üzündən teatra gəlmək üçün saatlarla vaxt itirir. Bütün bunlar, istər-istəməz teatra olan marağın azalmasına təsirsiz ötüşmür.

 

- Sizcə, çıxış yolu nədədir?

- Mütləq teatrların sayı artmalıdır. Teatrlar görsələr ki, bu şəhərdə onlardan da başqa dramatik, musiqili, opera, kuklas. tamaşalar oynayan teatrlar var, işə daha məsuliyyətli yanaşacaqlar, daha maraqlı əsərlər seçəcəklər. Çünki istənilən sahədə inkişafın əsas şərti rəqabətdir! Belədə bileti də indikindən baha sata biləcəklər.

 

- Baha satacaqlar?

- Bəli, mən əminəm ki, teatr biletlərinin qiyməti qalxmalıdır. Özünüz fikirləşin, bütün dövlət teatrları dövlətdən dotasiya alır. Amma qazanc, mənfəət nə qədərdir? Bir gün dövlət həmin dotasiyanı saxlaya, özünüz özünüzü dolandırın deyə bilər. Buna hazır olmaq lazımdır.

 

- Deməli, teatr menecmenti deyilən sahə işlək vəziyyətdə olmalıdır.

- Əgər məndən soruşsalar ki, bu gün teatrda direktordan sonra ikinci şəxs kimdir, deyərəm ki, ictimaiyyətlə əlaqələr üzrə işçi! Əslində zəmanənin tələbi elədir ki, teatr direktoru kabinetdə oturmasın, o, bu gün bir növ prodüser vəzifəsini yerinə yetirir. Ədəbi hissə müdiri deyilən vəzifə isə sovet dövrünün qalığıdır - onu senzura məqsədi ilə icad etmişdilər. İndisə bu vəzifəni daşıyan adampablik rileyşn” deyilən işlə, teatrın piarı ilə məşğul olmalıdır. Əgər teatr öz tamaşaçısı ilə münasibəti düzgün qurarsa, maraqlı tamaşalar hazırlayarsa, tamaşaçı indikindən də baha qiymətə bilet alacaq.

 

- Bunlar bir qədər gələcəyin söhbətidir. Bəs bu gün Azərbaycanda teatr sənətinə marağı artırmaq üçün nə etmək lazımdır. Axı, bu gün bizim teatrlarımızın repertuarında kifayət qədər maraqlı tamaşa var.

- Məncə, yeni tamaşa siyasətinə «əl gəzdirmək» lazımdır. Məsələn, teatrda yeni tamaşa hazırlanır. Afişalar vurulur, bütün televiziya kanalları reportaj verir, qəzetlər, saytlar yazır: amma teatrda yeni tamaşanı 1-2 dəfə ardıcıl oynanırlar, fasilə verirlər. Tutaq ki, kimsə televizorda görür, istəyir ki, gedib baxsın, maraqlananda məlum olur ki, həmin tamaşa bir aydan sonra olacaq: ya həvəsi qaçır, ya da həmin vaxt başqa çıxır. Mən dəfələrlə teatr direktorlarına bunu irad tutmuşam, deyirlər ki, belədə digər aktyorlar narazılıq edirlər. Təzə əsər ən azı 5-6 dəfə ardıcıl oynanılmalıdır ki, yadda qalsın.

 

- Şaiq müəllim, söhbətimizin yekunu olaraq teatrın layiq olduğu səviyyəyə qalxmasından ötrü nə etmək lazımdır?

- Zaman yeni üsullar, yeni marketinq (bazarlama) gedişləri tələb edir. Teatr tamaşaistehsal edənzavod deyil, o, cəmiyyətin fəal üzvünə çevrilməli, öz tamaşaçısını yetişdirməli onunla ünsiyyət qurmalıdır. Teatrı fədakarcasına sevən yeniliklərə açıq olan insanlar teatrda çalışmalıdır.

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 4 mart.- S. 11.