“Qalaaltı” sağlamlıq və istirahət mərkəzi Avropanın termal kurortları sırasında

 

Avropanın Tarixi Termal Şəhərləri Assosiasiyasının Çexiyada keçiriləcək toplantısında üzvlüyün rəsmi təqdimatı keçiriləcək

 

Martın 3-də Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov, nazirliyin aparıcı məsləhətçisi Günel Aslanova, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev, turizm üzrə ekspert Ceyhun Aşurovdan ibarət nümayəndə heyəti Şabran rayonu ərazisindəki “Qalaaltı” sağlamlıq və istirahət mərkəzində (“Qalaaltı Hotel & SPA”) oldu.

 

Mərkəzin rəhbərliyi ilə görüşdə nazirliyin şöbə müdiri Vüqar Şixəmmədov səfərin məqsədi barədə danışaraq bildirdi ki, “Qalaaltı” kurort mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Avropanın Tarixi Termal Şəhərləri Assosiasiyasına (ATTŞA) üzv seçilib. Bu ilin aprel ayında Çexiyanın Karlovı Varı şəhərində keçiriləcək toplantıda üzvlük rəsmi şəkildə təqdim ediləcək. Həmin təqdimatda “Qalalatı” sağlamlıq və istirahət mərkəzinin nümayəndəsinin iştirakı da nəzərdə tutulub.

Şöbə müdiri həmçinin nəzərə çatdırdı ki, bu turizm istiqamətində 6 marşrut üzrə layihə təqdim edilibsevindirici məqamdır ki, ötən ilin iyun ayında ATTŞA-nın nümayəndələri Azərbaycana səfər etdilər və “Qalaaltı” sağlamlıq və istirahət mərkəzini üzvlüyə layiq bildilər. Burada strateji əhəmiyyət də mühüm önəm kəsb edir.

Nazirliyin aparıcı məsləhətçisi Günel Aslanova məlumat verdi ki, ötən ilin iyul ayında Bursa (Türkiyə) valisinin müavini Əhməd Hikmət Şahin və ATTŞA-nın layihə eksperti Tomas Pinet “Qalaaltı”da səfərdə olmuşlar. Bu layihəyə 14 ölkə üzvdür. Aprelin 14-də Çexiyada “Qalaaltı”nın təqdimatı keçiriləcək. Bu layihənin reallaşması gələcəkdə regionun Avropada tanıdılması və turistlərin cəlb olunması üçün mühüm addımdır.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin (ASTTD) sədri Ruslan Quliyev Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirərək sağlamlıq turizminin ölkəmizdə də turizm istiqamət kimi qəbul olunmasından məmnunluğunu ifadə etdi. Bildirdi ki, Azərbaycanın sağlamlıq turizmi ilə bağlı ənənələri mövcuddur. Bu ənənələri bərpa edərək yeni innovativ sistemləri təqdim etməklə daha da geniş coğrafiyada tanıtmaq mümkündür. ASTTD-nin yaradılmasında da məqsəd ölkənin bu sahədə potensialını daha geniş şəkildə tanıtmaqdır. Ölkədə fəaliyyət göstərən sağlamlıq və istirahət mərkəzlərindən məhz “Qalaaltı”nın Avropanın termal şəhərlər xəritəsinə düşməsi onun imkanlarına və turizm axınına müsbət təsir göstərəcək. Layihənin davamlı olması üçün bütün səmərəli təkliflərdən istifadə etmək lazımdır.

“Qalaaltı” sağlamlıq və istirahət mərkəzinin rəhbəri Erkut Karaçocuk göstərilən təşəbbüsə görə qonaqlara minnətdarlığını bildirdi və birgə əməkdaşlıq üçün görüləcək işlərə hər zaman açıq olduqlarını dedi. O, layihə çərçivəsində reallaşacaq razılaşmalarda Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığın vacibliyini vurğuladı.

Sonra Mədəniyyət və Turizm Nazirliyi və ASTTD ilə birgə təqdimatın detalları, üzv ölkələrin növbəti toplantısının Azərbaycanda keçirilməsi, eləcə də “Qalalatı” sağlamlıq və istirahət mərkəzinin gələcəkdə təbliğat-təşviqatı işlərinin aparılması yönündə birgə işlər müzakirə olundu.

Müzakirələrdən sonra nümayəndə heyəti “Qalaaltı” sağlamlıq və istirahət mərkəzi ilə tanış oldu. Mərkəzin baş həkimi Vahid Vəliyev burada fəaliyyət göstərən diaqnostik poliklinika, fizioterapiya otaqları, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş laboratoriyalar haqqında məlumat verdi. Bildirildi ki, mərkəzdə gün ərzində 800-dən artıq qonağı qəbul etməyə imkan var. Burada həmçinin masaj, trenajor zalları da fəaliyyət göstərir. Zövqlü otaqlarkonfrans zalları da fəaliyyətdədir ki, hər bir qonağın büdcəsinə uyğun xidmət təklif olunur.

Qeyd edək ki, Qalaaltı suları uzun illərdir ki, öd yolları iltihabı, böyrək daşı, böyrəyin xroniki iltihabı və digər uroloji xəstəliklərin müalicəsində istifadə edilir. Ötən əsrin 70-ci illərində burada “Qalaaltı” kurortu yaradılmışdı. Hər il buraya Sovet İttifaqının müxtəlif guşələrindən insanlar gəlirdi. İndi isə kurortun bazasında dünya miqyaslı müalicə-turizm mərkəzi inşa edilib. 2015-ci ilin avqustunda Azərbaycan Prezidenti “Qalaaltı Hotel & SPA” kompleksinin açılışında iştirak edib. Kompleks Bakının 127 kilometrliyində, Çıraqqalanın yaxınlığında yerləşir.

 

Lalə

 

Mədəniyyət.-  2016.- 4 mart.- S. 8.