Şairi el yaşadır

 

Səməd Vurğun - 110

 

Böyük söz ustadının Qusar görüşləri haqqında

 

Səməd Vurğun! Bu ad elə bil torpağımızın hər yerində - düzdə, təpədə, dağda, şəhərdə və kənddə, bulaq başında, səfalı meşələrdə, çayda, bağda həkk olunub adamların üzünə gülümsəyir. Qusarın ab-havası, Şahnabatın büllurtək saf və şirin suyu, qəlboxşayan Qarabulağın gözəllikləri, Şahdağ, Əliçapan əfsanələri məskəni Ləzə, ceyran-cüyür, qırqovul məskəni Samur sahili... Elə bil bu yerlər Vurğunu səsləyir. Şair bu yerlərin vurğunu idi, bu məkanlardan ilham alırdı. Məgər bu yerlər Səmədsiz keçinərdimi? Sanki yaz, yay, payız və qış olardımı ki, böyük sənətkar bu yerlərə baş çəkməsin, dolaşmasın, qonaq olmasın?

 

Səməd Vurğun üç dəfə (1946, 1950, 1955) Quba-Qusar bölgəsindən SSRİ Ali Sovetinə deputat seçilmişdi. Xalqın vəkili və şairi daim qusarlıların qonağı olar, onların süfrəsində çörək kəsər, insanlara köməklik edər, ovçu kimi çiynində tüfəng çölləri, meşələri, dağları dolaşardı. Qusarlılar da şairi çox sevər, onun şirin söhbətlərindən doymazdılar. Qusara vurğun şairin şeirlərindən birində oxuyuruq:

 

Düşündürür məni bu sirli diyar,

Burda həqiqətlər, əfsanələr var.

Ürəklərdə axın, qollarda qüvvət,

Burda öz-özünə gülür təbiət.

 

Qədirbilən xalqımız onun adını həmişə əziz tutur və gəzdiyi hər bir yeri Vurğunun adı ilə bağlayır. Böyük şairin misralarında Qusar çörəyinin də dadı-duzu, yarpızın ətri, bülbülün cəh-cəhi var. Vurğuna sevgimizin səbəbini məhz onun xalqımızın həyatına, məişətinə, adət və ənənələrinə bağlılığında axtarmalıyıq. Axı xalqı tanımadan, sevmədən onun sevgisini qazanmaq mümkün deyil.

Xalq yazıçısı Elçin yazır ki, Səməd Vurğun çox az yaşadı. Cəmi 50 il ömür sürdü və həmişə 50 yaşında da qalacaqdır. Lakin 50 illik şair ömrü böyük bir epoxanı əhatə etmişdir. Tale ona yaradıcılıq üçün cəmi 30 il ayırmışdı. Bizim xoşbəxtliyimiz ondadır ki, Səməd Vurğun öz 30 illik yaradıcılıq dövründə olduqca məhsuldar işləmiş, öz mənəvi qüvvəsindən layiqincə istifadə etmişdir. Amma, bu otuz ildə bir əsrin hissiyatını, ab-havasını ehtiva etdiyini yaddan çıxarmaq olmaz...

Samur çayının sahilləri böyük söz sərrafının ən çox sevdiyi yerlər idi. Ovdan dostlarının yanına qayıdanda yazdığı “Ləzgi qızı” şeirini oxuyarmış:

 

Ətəyini çirməyərək

Samur çaydan keçəndə sən,

Xəfif-xəfif əsən külək

Öpdü sənin gül üzündən.

 

Tonqal başında kabab çəkərkən və onu ən çox sevdiyi ləzgi xərək çörəyinin arasına qoyub sıxarkən bu yerlərə baxmaqdan, Samur çayının şırıltısına, gah coşmasına, gah da sakit axmasına qulaq asmaqdan doymazmış. Və burada keçirdiyi anlar misralara düzülərmiş:

 

Aylar, illər ilham alır bu füsunkar gözəldən,

Bu tamaşa yaranmışdır onun boyu əzəldən.

Bu gün mənəm Samur çayın sahilində dayanıb,

Bu canana öz sinəmdən söz dastanı düzəldən.

 

Şair yersiz təntənəni, bərbəzəyi, əvvəlcədən hazırlanmış xüsusi məclisləri sevməzdi. Cibir kənd məktəbinin direktoru işləmiş Zal Zalov xatırlayır ki, o, nazik xərək çörəyi, motal pendiri, şoru xoşlayardı. Yeməkdən əvvəl və sonra tünd çay içərdi.

Düşünürəm ki, o, təkcə yazdığı şeir, poema, dramları ilə deyil, xalqa, Vətənə, doğma təbiətə, insanlara sonsuz sevgisi ilə böyükdür, qüdrətlidir.

“Bəxt məni bu yerə qonaq göndərdi”, - deyən şair ləzgi xalqının xeyirxah dostu olmuşdur. Ləzgi xalqı da ona eyni hissləri bəsləmişdir. Samurdan Şahdağa qədər Qusar torpağını qarış-qarış gəzin, görəcəksiniz ki, uşaqdan tutmuş saç-saqqalı dağlar kimi ağarmış pirani qocalara qədər hamı şairi tanıyır və ürəkdən sevir. Çünki söz sənətkarı kimisini oxudub, toyunda iştirak edib, bəzisinin uşağına ad qoyub və s.

Ağlım söz kəsən gündən Səməd Vurğunun adı qulaqlarımdadır. Böyük şairimiz öz yaradıcılığı ilə xalqlar dostluğunun ən istedadlı carçısı idi. O, fəaliyyəti ilə də bunun əsl nümunəsini ortaya qoymuşdur. İndiki dünyamızda xalqlar arasında əməkdaşlıq və dostluq hava və su kimi zəruridir. Onu haqlı olaraq rayonumuzda şeirimizin Şahdağ zirvəsi adlandırırlar. Çünki o, Qusarı hamıya sevdirir, tanıdırdı...

 

* * *

Budur, şairin çox sevdiyi Samur çayının sahilindəyəm. Bura məni Vurğunun ruhu çağırıb. Qəlbimin dərk edilməz sehrli bir qüvvəsi ilə mən onun əllərinin hərarətini, ürəyinin döyüntülərini duydum. Onun canlı simasını, erkən dən düşmüş saçlarını, qartal baxışlarını gördüm. Və birdən mənə elə gəldi ki, çağlayan, coşqun Samurun özü şair Səməd Vurğundur:

 

Kükrəyən çay axır Qusar elində,

Öpüb sahilləri, oxşayır Samur.

Şairi yaşadır coşqun selində,

Şair sevgisində yaşayır Samur...

 

Xatirələr dil açır

 

Ölməz şair öz bədii yaradıcılığı ilə xalqımızın məhəbbətini qazandığı kimi, gözəl insani xüsusiyyətləri ilə müasirlərinin xatirələrində yaşayır. Bu xatirələr sənətkarın şəxsiyyətini, həyatını, ictimai-ədəbi mövqeyi, əsərlərindəki yüksək ideallar haqqında geniş məlumat verir. Bu mənada Səməd Vurğunla bağlı topladığım xatirələr, şəkil və sənədlər böyük əhəmiyyətə malikdir.

Görək, bu unudulmaz xatirələr görkəmli şair haqqında bizə nələrə söyləyir.

Bir vaxtlar Həzrə kənd məktəbinin direktoru olmuş Əhməd Əhmədovla, Cibir kənd məktəbinin direktoru işləmiş Zal Zalovla şairin dostluğundan indi hər kəs böyük iftixarla danışır. Əməkdar müəllim S.Babayevin, yazıçılardan Ə.Mustafayevin, Y.Hacıyevin və başqalarının şairlə bağlı sevgi dolu xatirələri insanda qəribə xoş duyğular, şirin arzular oyadır.

 

Əhməd Əhmədovun xatirələrindən:

Səməd Vurğun 1946-cı il sentyabrın axırlarında Samur çayının qırağına gəlmişdi. Həmin gün kolxoz sədri ilə rayon mərkəzinə gedirdik. Yolun kənarında minik maşını dayanmışdı. Yoldaşlarıma dedim ki, maşın Səməd Vurğunundur. Sürücü məni tanıdı. Bu arada Səməd də əlində 2-3 qırqovul bizə çatdı. Böyük hörmətlə görüşdük və kəndə qayıtdıq.

Yolun kənarındakı qovaq ağacının altında qız-gəlin topa-topa yığışıb nahar edirdi. Səməd onlarla görüşdü, hal-əhval tutdu, işlərini xəbər aldı. Qızlar qonaqları nahara dəvət etdilər. Şair böyük məmnuniyyətlə oturub onlarla nahar etməyə razılıq verdi. Qızlar elə ilk baxışdan şairi tanıdılar. Hamı Səməd Vurğuna baxırdı, süfrəyə dadlı yeməklər gətirildi. Lakin şairin nəzər-diqqəti başqa yerə dikilmişdi. Bir qədər aralıda ocaq başında bir qız şor yaxılmış xərək çörəyini közün üstündə qızdırırdı. Sən demə, Səmədin diqqətini cəlb edən də bu imiş. O, qulağıma pıçıldayıb dedi: “Bax, o hündürboy, qırmızıyanaq qızı görürsən, onun qızdırdığı çörəkdən yeyəcəyəm”. Qızların yanına gedib şairin arzusunu onlara çatdırdım. Şair üstünə şor yaxılmış çörəyi böyük iştahla yedi. Sanki çoxdan bunun arzusunda idi...

 

Böyük şairin vəfalı dostu

 

Şair müharibədən sonra Qusara gələndə rayon rəhbərləri onu qarşılayanda hər cür şəraiti olan, dadlı yeməklər tədarük edilmiş dövlət evində qalmağı məsləhət bilirlər. Amma şair: “Mən dostum İlyas müəllimin daxmasında gecələcəyəm” cavabını verir.

O vaxtlar şairin dediyi həmin “daxma”nın sahibi müharibədən əvvəl Bakıda Xalq Maarif Komissarlığında orta məktəblər dairəsinin rəisi, “Sosializm tempi” Qusar qəzetinin redaktoru, Xalq Maarifi Şöbəsinin müdiri, Quba Pedaqoji İnstitutunun direktoru işləmiş tanınmış ziyalı İlyas İlyasov idi. Demə, S.Vurğun İlyas müəllimi hələ Bakıda işləyərkən tanıyırmış. Onların həqiqi dostluğu da o vaxtdan başlanıbmış.

İlyas müəllimin qızı Firuzə İlyasova:

- Rayonumuzdan Ali Sovetə deputatlığa namizəd göstərilmiş Səməd Vurğun Piral kənd seçiciləri ilə görüşündən sonra dostları ilə evimizə qonaq gələrdilər. Onların oturduqları otağın divarından müharibədən qayıtmayan qardaşım Məsudun sazı asılmışdı. Bir dəfə gördüm ki, böyük şair sazı götürüb, nəsə çalır. Qardaşımı xatırlayıb kövrəldim. Bunu görüb Səməd əmi məni balası kimi bağrına basdı, saçlarımı sığalladı, ürək-dirək verdi.

Qonaqların qulluğunda həyat yoldaşım Gürhaməddin durardı. Şair xüsusilə motal pendirini çox sevər və ona “süfrənin şahı” deyərdi. Şair həyat yoldaşıma “milisioner” deyə müraciət edərdi. Çünki o, baş leytenant kimi daxili işlər orqanlarında çalışırdı. Mən isə məktəbdə ibtidai sinif müəlliməsi işləyirdim.

Beləliklə, biz böyük şairimizi görmüş, onun şeirlərini dinləmiş xoşbəxt insanlardanıq.

 

Qusarda Səməd Vurğun küçəsi

 

Qusar şəhərinin mənzərəli məhəllələrindən biri. Şairin adını daşıyan küçə. Asta addımlarla irəliləyirəm. Dahi şairin işıqlı ruhunun burada dolaşdığını hiss edirəm. Xəyalımda onun nurlu çöhrəsi, əzəmətli baxışları, dalğalı saçları, xoş əməlləri, xeyirxahlığı, sadəliyi və təbiiliyi canlanır. Şair də, bu küçə də, burda yaşayan insanlar da mənə əziz və doğmadır...

Küçənin bir sakini, çoxdan tanıdığım dostum Şəhriyar Ağabəyovla görüşüb söhbətləşirəm. Qeyd edim ki, Şəhriyar müəllim bədii ədəbiyyatı, xüsusilə poeziyanı ürəkdən sevən rayon ziyalılardan biridir. O, Vurğun haqqında həmişə iftixarla danışır. Deyir ki, hər dəfə Bakıya gedəndə böyük şairin ev-muzeyini və məzarını ziyarət edir. Evlərində böyük şairə muzey açmaq arzusundadır. Nəvələrinə şairin qəhrəmanlarının adını verib. Uzun illərdir ki, Vurğun irsini öyrənir və təbliğ edir. Şairlə bağlı yeni arzu və planları, sözü, görəcəyi işləri çoxdur.

Onun dediklərindən:

- Çox heyf ki, o böyük şəxsiyyəti görmək mənə nəsib olmayıb. Dünyasını dəyişəndə birinci sinifdə oxuyurdum. Onun şəkillərini qəzet-jurnallarda, dərsliklərdə gördüm. O, sanki hər bir ailənin doğması, yaxını və tanışıdır. Həm də milli şeirimizin pasportudur. Özündən sonra böyük bir ədəbi məktəb qoyub gedib. Sonrakı nəsil şairlərin onu böyük müəllim kimi xatırlaması, dərin ehtiramla yad etməsi sevindirici haldır.

Şairin ev-muzeyinin ekspozisiyasında belə bir məktub-eksponat nəzərimi cəlb etdi: “Əziz və hörmətli şairimiz Səməd Vurğun! Sizin radio ilə çıxışınızı səngərdə dinlədik. Səsinizi və odlu misralarınızı dinləyərkən elə bil ki, canlandırıcı bahar yeli əsdi, qolumuza yeni qüvvət, gözümüzə yeni işıq gəldi. Azərbaycanlı, rus, gürcü, ləzgi və s. millətlərdən olan döyüşçü yoldaşlarımızın hamısı eyni ruhla Sizi alqışladı, yad etdi, ura” səsləri göyə yüksəldi”.

Sonra Şəhriyar müəllim şirin səslə çox sevdiyi şairin bir şeirini söyləyir:

 

Bəxt məni bu yerə qonaq göndərdi,

Gedirəm, amandır ayrılıq dərdi.

Demə, Səməd Vurğun gəldi-gedərdi,

Unutmaz bu oba, bu mahal məni.

 

Doğrudan da, Qusar torpağı heç vaxt unutmaz Səni, sevimli ustad!

 

Həsən Xasiyev

Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi, Yazıçılar Birliyinin üzvü

 

Mədəniyyət.- 2016.- 8 mart.- S. 12.