“Səs... söz... rəng...”

 

Yeni nəşr gənc bəstəkar, şair və rəssamlara həsr olunub

 

Martın 4-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda Prezident yanında Gənclər FondununDünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə nəşr olunmuş “Səs... söz... rəng...” kitabının təqdimatı keçirildi.

Mərasimi açan Dünya Gənc Türk Yazarlar Birliyi Məşvərət Şurasının sədri, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, şair Əkbər Qoşalı bildirdi ki, yeni nəşr gənc bəstəkar, şair və rəssamlara həsr olunub. Kitabda istedadlı gənclərin əsərləri və onların qısa tərcümeyi-halı yer alıb.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə nəşri yüksək qiymətləndirdi. Vurğuladı ki, həmişə musiqinin, təsviri sənət və ədəbiyyatın üzvi bağlılığı birinin digərini xatırlatmasına xidmət edib. Çünki şairlər kimi bəstəkar və rəssamlar da eyni hiss və duyğuların daşıyıcılarıdırlar. Yaradıcı gənclərimiz milliliyə yönəlməlidir. Onların əsərlərindən bütöv Azərbaycan görünməlidir.

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev gənclərə uğurlar arzuladı. Onları öz üzərilərində daha səmərəli işləməyə, yaradıcı vərdişlərini inkişaf etdirməyə çağırdı.

Sonra beynəlxalq müsabiqələr laureatları Fuad Əlizadə, Süleyman Eyyubov, Fəqan Həsənli, Aydan Quliyeva, Nigar Hüseynzadənin ifasında Üzeyir Hacıbəylinin “Cəngi”, NiyazininRast”, gənc bəstəkar İlahə Qismətin “Mən sevirəm” və “Gecələr” əsərləri səsləndi. Şairlərdən İbrahim İlyaslı, Şəfa Vəli, Vasif Zöhraboğlu və başqaları öz şeirlərini oxudular.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 8 mart.- S. 6.