Musiqi tellərindən dostluq körpüsü

 

Uzun illərin ortaq keçmişinə, dini dəyərlərə, oxşar adət-ənənələrə malik Azərbaycanla İran arasında incəsənət sahəsində də sıx tarixi bağlılıq var. Digər Şərq ölkələrinə nəzərən Azərbaycan musiqisinə daha yaxın olan musiqi İran musiqisidir. Böyük bəstəkar Fikrət Əmirov bu barədə yazır: “İran və Azərbaycan musiqisini çox qədim və möhkəm daxili tellər bir-birinə bağlayır. Musiqilərimizin əsasını təşkil edən muğamlar xeyli keçmişdə Yaxın Şərq musiqisi deyilən ümumi bir kökə malik olmuşlar”.

Bu iki Şərq ölkəsinin mədəni əlaqələrinin inkişafında xüsusi səylə çalışan, əlindən gələni əsirgəməyən bəstəkarlardan biriXalq artisti, professor Tofiq Bakıxanovdur. O, yaradıcılığı boyu dəfələrlə İranda olmuş, dərindən bələd olduğu İran musiqisi əsasında əsərlər yazmışdır. Bunun əsas səbəblərindən biri isə Bakıxanovlar nəslinin cənub qonşumuzla bağlı olmasıdır. Bəstəkarın atası, görkəmli tarzən Əhmədxan Bakıxanov və əmisi Məmmədxan Bakıxanov gənc yaşlarını Tehran, Rəşt, Ənzəli, Zəncan şəhərlərində keçirmiş, Cənubi Azərbaycanın məşhur müğənnisi Əbülhəsən xan İqbalın yanında muğamın sirlərini öyrənmişlər. Bakıxanov qardaşları istər Azərbaycan, istərsə də İran muğamlarının gözəl bilicisi idilər.

Bəstəkarın İran musiqisi əsasında yazdığı musiqilər içərisində “Firdovsini yad edərkən” 3 hissəli əsəri, “Şərqdən gələn sədalar” və “İran sonatası”nı qeyd etmək olar. Tofiq Bakıxanov “Şərq sonataları” silsiləsinə daxil olanİran sonatası”nı (6 saylı sonata) 1988-ci ildə yazmışdır. Bu silsiləyə həmçinin 5 saylı türk, 7 saylı ərəb və 8 saylı Azərbaycan musiqisi əsasında yazılmış sonatalar daxildir.

Tofiq Bakıxanovun iki ölkənin mədəni əlaqələrinin inkişafında gördüyü işlər bununla bitmir. Bəstəkar 2002-ci ildə Tehran şəhərinin “Bəhmən” Mədəniyyət sarayında təşkil olunmuş elmi-bədii konfransda, eləcə də bir neçə dəfə “Surə” Universitetində məruzələrlə çıxış etmişdir. 2005-ci ildə İranda keçirilən 20-ci Fəcr beynəlxalq musiqi festivalında bəstəkarın İran xalq musiqisi əsasında yazdığı “Şərqdən gələn sədalar” əsərindən fraqment səslənmişdir. 6 saylı sonata həm Azərbaycan, həm İran məktəblərinin tədris proqramına daxil edilmişdir. Tofiq Bakıxanovun bir neçə əsəri ilə bərabər “İran sonatası”nın lent yazısı Tehran radiosunun fondu üçün köçürülmüşdür.

Bəstəkar bu yöndə gördüyü işlərin davamı olaraq 10-19 fevral 2016-cı il tarixində Tehranda keçirilən 31-ci Fəcr musiqi festivalında iştirak etmişdir. Orada bəstəkarın əsərindən fraqment uğurla səsləndirilmiş, Tofiq Bakıxanova və Dövlət Uşaq Filarmoniyası xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru, Xalq artisti Ağaverdi Paşayevə Tehrandakı “AzadMusiqi və Memarlıq Universitetinin fəxri doktorluq diplomu təqdim edilmişdir.

 

Kəmalə Ələsgərova

 

Mədəniyyət.- 2016.- 11 mart.- S. 12.