Qarabağda maarifçi mühitə töhfə verən ziyalı

 

Ötən yüzilliyin əvvəllərində Qarabağda vətənpərvər, təəssübkeş, geniş dünyagörüşünə malik bir çox ziyalarımız fəaliyyət göstərib. Onlardan biriAxund Mehdi Sarıcalınski olub.

 

Mehdi Məşədi İsgəndər oğlu Sarıcalınski 1868-ci ildə Şuşa qəzasının Quzanlı kəndində anadan olub. O, əvvəlcə kəndlərində Axund Hüseynin molla məktəbində ibtidai təhsil alır, fars və ərəb dillərini öyrənir. 1884-cü ildə qonşu Hindarx kəndində açılmış kənd natamam orta məktəbində təhsilini davam etdirir.

Sonra Təbriz Ali Ruhani Məktəbinə daxil olur. Dini elmləri öyrənməklə yanaşı, Şərq mədəniyyəti ilə də yaxından maraqlanır. Biliklərini daha da artırmaq məqsədilə İranın Qum, Məşhəd, İraqın Nəcəf, Misirin İsgəndəriyyə şəhərlərindəki ali ruhani məktəblərində mühazirələr dinləyir, Bağdad, İstanbul, Qahirə, Tehran şəhər kitabxanalarında olur. Mehdi ilə tanış olan alim və görkəmli din xadimləri onun ensiklopedik bilik, dərin zəka sahibi olduğunu bildirirlər. Ona İstanbulda, Qahirədə, BağdadTehranda qalıb çalışması təklif olunur. Lakin o, doğma kəndi Quzanlıya qayıdır və bu zamana kimi oxuduğu və çalışdığı şəhərlərdə çətinliklə topladığı və Şərq alimləri tərəfindən ona bağışlanan dörd kəl arabası kitabı da özü ilə vətənə gətirir. Bu kitablardan ibarət kitabxana yaradır, kənd uşaqlarına ana dili, ədəbiyyat, tarixhesabdan dərs deyir.

Mehdinin bu xeyirxah fəaliyyəti tezliklə Qarabağın hüdudlarını aşır. Cənubi Qafqazın Şeyxülislamı Əbdüssəlam Axundzadə onu Tiflisə dəvət edir. Sorğu-sual edən şeyxülislam 27 yaşı olmasına baxmayaraq, Mehdiyə axund diplomu verir. O, Şuşaya qayıdaraq rus-tatar məktəbində müəllim olaraq fəaliyyətə başlayır. Araşdırmalarda qeyd olunur ki, rus-tatar məktəbində vaxtilə Üzeyir, Zülfüqar, Ceyhun Hacıbəyli qardaşları, Yusif Vəzir Çəmənzəminli, Bahadır Vəlibəyov, Mehdi bəy Həyatov, Hüsü Hacıyev, Həmid bəy Ağayev, Mirzə Vəli bəy İsmayılov və başqaları Mehdi Sarıcalıdan dərs alıblar.

Dahi bəstəkar Üzeyir Hacıbəyli onu həmişə xoş bir duyğu ilə xatırlayıb. Onlara vətənini, xalqını necə sevməyi öyrətdiyini qeyd edib. Görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli xatirələrində Şuşa rus-tatar məktəbində təlim-tərbiyə işinin yüksək səviyyədə qurulduğundan söz açıb. Axund Mehdinin imkansız şagirdlərə maddi yardım göstərdiyini bildirib. O, eyni zamanda Qarabağda savadlı ruhanilərin yetişməsində də böyük xidmətlər göstərib.

Onun xalq arasında, hökumət yanında gündən-günə artan hörməti məkrli erməniləri narahat edir. Ermənilərin fitnəkarlığı ilə çar xəfiyyələri tərəfindən Şuşada çalışan bir çox azərbaycanlı ziyalı və ruhanilər təqib olunurdular. 1917-ci ildə o, ərizə yazaraq işdən çıxır və indiki Ağdam rayonunun Quzanlı kəndinə köçür. Ağdam, Ağcabədi və Bərdə-Tərtər bölgələrinə axund təyin edilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) erməni-daşnak birləşmələrinin hücumları zamanı Əsgəran qalasının müdafiəsində yaxından iştirak edir.

Azərbaycanda sovet hökuməti qurulandan sonra bir çox ziyalılarımız kimi, Axund Mehdi də təqib edilir. Zəngin kitabxanasının çox hissəsi bolşeviklər tərəfindən müsadirə olunaraq yandırılır. Bu məqamda o, çətinliklə də olsa 1928-ci ildə Bakıya köçür. Ü.Hacıbəylinin köməkliyi ilə əvvəl Şuşanın Köçərli məhəlləsindən olan Həmid bəy Ağayevin, sonra isə Mahmud bəy Sarıcalinskinin evində məskunlaşır. Burada ziyalılarla yaxın münasibətlər qurur. Bakıda Ü.Hacıbəyli, Y.V.Çəmənzəminli, Ə.Haqverdiyev, S.S.Axundov, C.Məmmədquluzadə, H.Cavid, Ə.Müznib, S.Mümtaz və başqaları ilə tez-tez təmasda olur. Rəssam-heykəltəraş Fuad Əbdürrəhmanov Axund Mehdinin sifət cizgilərinə uyğun olaraq Nizami Gəncəvinin heykəlini yaradır.

Qəfil xəstələnən Axund Mehdi oğlu Əlişdən onu Quzanlı kəndinə aparmasını istəyir. Doğma kəndinə qayıtdıqdan sonra, 13 mart 1942-ci ildə dünyasını dəyişir.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 16 mart.- S. 15.