Azərbaycan və Türkiyə fotoqraflarının görüşü

 

Martın 12-də Azərbaycan Fotoqraflar Birliyinin (AFB) dəstəyi ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakıdakı nümayəndəliyində Azərbaycan və Türkiyə fotoqraflarının görüşü keçirilib.

AFB sədrinin müavini Rauf Umudov nümayəndə heyətini salamlayaraq qeyd edib ki, Azərbaycan fotoqrafları türkiyəli həmkarlarının işlərinə böyük maraq göstərirlər.

EFSA (Ege FotoqrafiyaKino Həvəskarları Dərnəyi) rəhbəri Əhməd İmançer AFB rəhbərliyinə dəvət üçün minnətdarlığını bildirib. Qeyd edib ki, iki ölkə fotoqraflarını möhkəm dostluq və əməkdaşlıq birləşdirir. Onun sözlərinə görə, bir neçə gün ərzində Bakı və ölkəmizin müxtəlif guşələri ilə tanışlıq nümayəndə heyətini məmnun edib.

Sonra məhsuldar fəaliyyət və ikitərəfli əməkdaşlığa verdiyi töhfəyə görə Əhməd İmançerə AFB adından, AFB-nin sədri Mirnaib Həsənoğluna isə EFSA adından diplomlar təqdim olunub. AFB idarə heyətinin üzvləri türkiyəli həmkarlarına hədiyyələr veriblər.

Qeyd edək ki, martın 12-də AFB tərəfindən EFSA-nın heyəti üçün Qobustan ərazisində fototur təşkil edilib. Qonaqlar Qobustan ərazisində olan palçıq vulkanları və Qobustan qayalıqları ilə tanış olub, fotoşəkillər çəkiblər.

 

Mədəniyyət.- 2016.- 16 mart.- S. 11.