Milli İncəsənət Muzeyində Novruz tabloları

 

Təsviri sənətimizdə Novruz bayramı mövzusu ayrıca bir səhifəni təşkil edir. Azərbaycan Milli İncəsənət Muzeyində bu mövzuda çoxlu nümunələr var.

 

Bu sırada rəngkarlıq nümunələrinə xalq rəssamları Səttar Bəhlulzadənin “Bahar nəğməsi”, “Xonça”, “Torpağın arzusu”, “Azərbaycan nağılı”, Xalidə Səfərovanın “Novruz”, “Çövkən”, Elbəy RzaquliyevinNovruz bayramı”, Altay Hacıyevin “Novruz sandığı”, Əməkdar rəssam Mahmud Tağıyevin “Gül açan bağ”, “Bağçada yaz gülləri”, istedadlı rəssamlar Həsən HaqverdiyevinBahar”, Sara Namitokova-Manafovanın “Novruz”, Orxan Hüseynovun “İçərişəhərdə bayram”, qrafika sahəsində xalq rəssamları Əzim Əzimzadənin “Tonqal üstündən tullanmaq”, Elmira Şahtaxtinskayanın “Qutablar”, əməkdar rəssamlar Ələkbər Rzaquliyevin “Gəlinə hədiyyə ilə” ("Köhnə Bakı" silsiləsindən), Arif Ələsgərovun “Novruz”, “Kəndirbazlar” və başqalarını qeyd etmək olar.

Bənzərsiz yaradıcılıq dünyasına malik fırça ustası Səttar Bəhlulzadənin bütün tablolarında milli mədəniyyətimizin hansısa bir elementiniya rəmzi ifadəsini görməmək mümkünsüzdür. Rəssamın “Azərbaycan nağılı” əsərində əzəmətli dağlar fonunda, göl ətəyində dairəvi iri xonçalar və xonçaların içərisi dolu bol Azərbaycan nemətləri çiçəkləmiş ağacların və güllərin əhatəsində o qədər ustalıqla təsvir edilib ki, bu sehrin ağuşuna köklənmədən və bol estetik zövq almadan əsərdən ayrılmaq olmur. Rəssam eyni zamanda tablonun yuxarı hissəsində dalğalanan kəlağayını təsvir etməklə bir növ yaradıcılıq işinə möhür basmışdır, yəni əlavə heç bir şərhə ehtiyac duymadan tablodan Azərbaycan dünyasını asanlıqla sezmək olar.

Xalidə Səfərovanın “Novruz” adlı əsəri olduqca diqqətçəkəndir. Kompozisiyada mərkəzdə Novruz bayramının ləziz nemətləri ilə bəzədilmiş xonça, xonçanın əhatəsində isə əllərində Bahar bayramının rəmzi olan səməni tutmuş xanımlar və xoruz döyüşdürən milli geyimli gənc oğlanlar təsvir edilib. Yallı rəqsinin ifaçılarının oyun hərəkətləri bayram sevincini daha da artırır. Əsər zəngin kolorit həlli ilə tamamlanıb. Rəssamın həmçinin milli çövkən oyununa həsr edilmiş əsərləri də nəzər-diqqəti cəlb edir.

Elbəy RzaquliyevinNovruz bayramı” əsərində isə Xəzər dənizinin fonunda, İçərişəhərdə Novruz bayramı şənliklərinin bədii təsviri əks olunub. Tabloda kəndirbazın oyunumilli geyimli rəqqasələrin müxtəlif pozalı hərəkətləri əsl bayram əhval-ruhiyyəsini təcəssüm etdirir. Əsərin sağ hissəsində təsvir edilmiş xalça nümunəsinin təsviri əsərin bədii ifadəliliyini daha da artırır.

Tanınmış rəssam Ələkbər Rzaquliyev yaradıcılığında xalqımızın məişət və etnoqrafik ənənələrini böyük ustalıqla tərənnüm etməkdən yorulmamışdır. Rəssamın "Köhnə Bakı" silsiləsinə aid əsərlərinin hər biri bədii estetik məziyyətləri ilə yanaşı, həmçinin, özünəməxsus dəqiq işlənilmə xüsusiyyətləri ilə də seçilir. “Gəlinə hədiyyə ilə” adlı əsərində rəssam Novruz bayramı ərəfəsində bayram şirniyyatları ilə dolu xonça ilə qız evinə bayram görüşünə tələsən ailənin bədii görüntülərini təsvir edib. İçərişəhərin fonunda milli geyimli ailə üzvlərinin fərdi xarakterik xüsusiyyətləri incə cizgi, ştrix elementləri ilə ustalıqla əks etdirilib.

Elmira Şahtaxtinskayanın “Qutablar” əsərlərində milli ornamentli kilim üzərində əyləşmiş üç qadının Azərbaycan mətbəxinin ləziz nemətlərindən hesab olunan qutab hazırladıqları məqamda təsvir edilib. Əsər öz dolğun bədii lövhələri, zəngin etnoqrafik çalarlığı və zəngin kolorit həlli ilə diqqəti cəlb edir.

Qeyd etmək lazımdır ki, sadalanan əsərlər Azərbaycan rəssamlarının Novruz bayramına həsr edilmiş işlərinin kiçik bir qismini təşkil edir. Azərbaycan xalqının tarixində və məişətində kök salmış bayramın gözəl xüsusiyyətləri, şübhəsiz ki, həmişə rəssamlarımızın ilham qaynağına çevrilərək və onların yaradıcılığında öz geniş təzahürünü tapacaqdır.

 

Əsəd Quliyev

sənətşünas, dissertant, Milli İncəsənət Muzeyinin böyük elmi işçisi, Rəssamlar İttifaqının üzvü

 

Mədəniyyət.- 2016.-  18 mart.-  S. 11.