İslam dünyasının gənc ifaçıları yenə Bakıda bir araya gələcəklər

 

Paytaxtımız beşinci ildir ki, islam dünyası gənc klassik musiqi ifaçılarının beynəlxalq festival-müsabiqəsinə ev sahibliyi etməyə hazırlaşır. Bu dostluqmusiqi bayramı müxtəlif ölkələrdən istedadlı gənc musiqiçiləri öz ətrafında toplayaraq, onların peşəkar yüksəlişinə, təcrübə mübadiləsinə zəmin yaradır, mədəni əlaqələrinin möhkəmlənməsinə töhfə verir. Sözsüz ki, belə nüfuzlu müsabiqədə iştirak onların yaddaşından uzun müddət silinməyəcək.

 

İldən-ilə müsabiqənin iştirakçı ölkələrinin coğrafiyası genişlənir. Ötən müddətdə bu layihədə 12 ölkədən ümumilikdə 300-dən çox gənc istedad iştirak edib. Hər şey ondan başladı ki, müsabiqənin təşkilatçısı “Kainat” Gənclik Mərkəzi bu tədbirin keçirilməsi ideyası ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatına - İSESCO-ya müraciət etdi. İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri yaradıcı təşəbbüsü dəstəklədi. Beynəlxalq müsabiqə kimi belə bir tədbiri hazırlamaq elə də asan deyil. Layihənin uğuru Gənclər və İdman Nazirliyinin timsalında ona göstərilən dövlət dəstəyi sayəsində mümkün olub. Eyni zamanda digər dövlət, kommersiya, ictimai təşkilatlar, kütləvi informasiya vasitələri müsabiqənin təşkili və keçirilməsi üçün öz böyük töhfəsini verməkdədir. Multikulturalizm dəyərlərinə, mədəniyyətlərarası dialoqa böyük ehtiyac duyulan müasir dövr üçün bu layihə olduqca aktualdır.

Bu reallığı qabartmaqla, “Kainat” Gənclik Mərkəzinin kollektivi bir daha vurğulamağa çalışdı ki, müsəlman dünyasının - müharibə, terror aktları və s. ilə eyniləşdirilməsi yolverilməzdir. İslam dünyasından olan gənc insanlar müharibələr tərəfdarı deyil, onlar gözəlliyə doğru meyl edir, dünya mədəniyyəti nümunələrinə qovuşmağa can atırlar. Bu mürəkkəb zaman kəsiyində müxtəlif ölkələrdən olan gənc nəsil musiqimusiqi dünyası vasitəsilə birləşməlidir.

Festivalın amallarından biri də Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğ edilməsidir. Azərbaycan klassik musiqisi ölkəmizin hüdudlarından çox-çox kənarlarda, beynəlxalq miqyasda böyük şöhrət qazanıb. 2015-ci ildə Azərbaycanda peşəkar klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin 130 illiyi qeyd edilirdi və keçən il müsabiqə əlamətdar yubileyin təsiri altında keçirildi. Festivalın proqramına müvafiq olaraq iştirakçılara dünya klassik musiqi əsərləri ilə yanaşı, tanınmış azərbaycanlı bəstəkarların da əsərlərini ifa etmək təklif edilmişdi. Azərbaycan klassik musiqisinin korifeyləri Ü.Hacıbəyli, M.Maqomayev, C.Hacıyev, Q.Qarayev, F.Əmirov, C.Cahangirov, Niyazi, A.Məlikov və digər bəstəkarlarımızın əsərlərini yüksək ustalıq səviyyəsi ilə ifa edən gənc xarici musiqiçilər əsl tapıntı oldu.

Keçirilən festivallar iştirakçıların yüksək hazırlıq səviyyəsini və təqdim edilən repertuarın aktuallığını ortaya qoydu. Dörd festivaldan sonra layihə müsabiqəyə transformasiya oldu. İştirakçıların yüksək hazırlıq səviyyəsini nəzərə almaqla, tədbirə bir qədər yeni yarışma xarakteri vermək qərarına gəlindi ki, onlar mübarizə və qələbə ruhunu hiss etmiş olsunlar. Müsabiqə gənc iştirakçılarına mükafat fondu da cəlb etməklə həm də onların gələcəkdə tanınmış beynəlxalq müsabiqələrdə iştirak etməsi üçün körpü rolunu oynayır.

Müsabiqə təkcə gənc ifaçıların nailiyyətlərini üzə çıxarmır, burada həm də daima gənclərin yanında olan, onlara hərtərəfli yardım edən pedaqoqlar haqqında da söhbət açılır. Bu il islam ölkələrindən olan klassik musiqinin gənc ifaçıları arasında keçirilən beynəlxalq müsabiqənin 5 yaşı tamam olur. Ümid edirik ki, 19-21 aprel tarixində gerçəkləşəcək müsabiqə əsl yubiley havasında keçəcək. Bəri başdan bütün iştirakçılara sənət yarışmasında uğurlar diləyirik.

 

Nərgiz Məmmədzadə

Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi

 

Mədəniyyət.-  2016.- 18 mart.- S. 10.