Boluda Koroğlu parkı və heykəli ilə bağlı müsabiqə davam edir

 

Xəbər verdiyimiz kimi, yanvar ayında TÜRKSOY-un və Türkiyənin Bolu Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Bolu şəhərində Koroğlu parkının salınması üçün beynəlxalq dizayn müsabiqəsinə start verilib. Bolu şəhəri Türkiyədə “Koroğlu diyarı” kimi tanınır, bu layihə isə həmin tanıtımın miqyasını daha da genişləndirəcək. Türk mədəniyyətində əhəmiyyətli yer tutan şəhərdə xalq qəhrəmanı və türk dünyasının ümumi dəyərlərindən olan Koroğlunun nəhəng heykəli qoyulacaq. Parkda Koroğlu muzeyiqurulacaq.

Layihənin əhəmiyyətini vurğulayan Bolu Bələdiyysinin başqanı Ələddin Yılmaz türkdilli ölkələrin heykəltəraş və memarlarını müsabiqədə aktiv iştirak etməyə dəvət edir. Onun sözlərinə görə, 30 metr hündürlüyündə Koroğlu abidəsi Bolunun yeni simvolu olacaq: “Məqsədimiz Bolunu türk dünyası və mədəniyyətinin görüş yerinə çevirməkdir”. Heykəl və onun yerləşəcəyi parkla bağlı dizayn müsabiqəsinə böyük sayda insanın qatılacağı gözlənilir. Münsiflər heyətində türkdilli ölkələrin tanınmış memar və heykəltəraşları yer alıb: Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Qazaxıstan Memarlar İttifaqının rəhbəri Akmurza Rustambeyov, Qırğızıstan Memarlar İttifaqının prezidenti Alımçek Abdarimov, Özbəkistan Memarlar İttifaqının üzvü Marina Borodina, heykəltəraş Atanaz Karaçoban, Ferit Ozşenmemar Erdal Sorquc.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov isə layihə barədə danışarkən bildirib ki, biz Koroğlunun izlərinə Balkanlardan başlayaraq Mərkəzi Asiyaya qədər geniş coğrafiyada rast gəlirik: “Bu gün bu izlər növbəti dəfə bizə və bütün dünyaya türk mədəniyyətinin nə qədər geniş bir əraziyə malik olduğunu xatırladır. Müsabiqənin hər bir iştirakçısı həm də mədəniyyət elçisidiro öz əsəri ilə dünyaya sevgi və qardaşlıq gətirə bilər”.

Qeyd edək ki, Koroğlu heykəli və parkın dizayn müsabiqəsinə avqustun 1-dək müraciət etmək mümkündür. Birinci yerin qalibinə 50 min, ikinciyə 30 min, üçüncüyə isə 20 min lirə mükafat veriləcək. Müsabiqənin nəticələri 19-21 avqustda düzənlənəcək Koroğlu festivalında açıqlanacaq.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2016.- 18 mart.- S. 8.