Miniatür sərgisi açılıb

 

Martın 16-da “Azad Azərbaycan” teleradio şirkətinin binasında miniatür rəssamı Pərinisə Əsgərovanın əsərlərindən ibarət sərginin açılışı olub.

ATV-nin Bədii Şurasının sədri Etibar Babayev müəllifin yaradıcılığından söz açıb. O, Azərbaycan miniatür sənətinin zənginliyindən, bu yolu davam etdirən rəssamın əsərlərinin mahiyyətindən danışıb.

Sənətşünas Ziyadxan Əliyev bildirib ki, Azərbaycan xalqının sənətdə iki danışan dili var: biri miniatür, o birisi xalçadır.

Millət vəkili Qənirə Paşayeva, sənətşünaslıq doktoru Cəmilə Həsənzadə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin əməkdaşı Azər Rəhimov çıxış edərək sərgi və müəllif haqqında ürək sözlərini çatdırıblar.

Vurğulanıb ki, rəssam Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" layihəsində iştirak edib. Hazırda "Dədə Qorqud" kitabının nəşri ilə bağlı layihədə illüstrator kimi iştirak edir.

Sonda rəssam Pərinisə Əsgərova sərgidə iştirak edənlərə sayğısını bildirib: “Mən Təbriz miniatür məktəbinin qarşısında baş əyirəm və bu işlə məşğul olduğum üçün qürur duyuram”.

Sərgidə rəssamın 50-dək əsəri nümayiş olunur. “Çıxış yolu”, “Sərkərdə”, “Mənim şəhərim” və başqa əsərlər maraqla qarşılanıb.

 

Soltan

 

Mədəniyyət.- 2016.- 18 mart.- S. 9.