Novruz bayramı ümumxalq şənliyi ilə qeyd olunacaq

 

Martın 19-da Dənizkənarı Milli Parkda keçiriləcək tədbir rəngli görüntüləri ilə iştirakçılara xoş ovqat bəxş edəcək

 

Xalqımızın yüz illərdir təmtəraqla qeyd etdiyi, zəngin milli ənənələri ilə seçilən Novruz bayramı münasibətilə hər il olduğu kimi, bu il də paytaxtımızda ümumxalq şənliyi təşkil ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi ənənəvi bayram tədbiri rəngli görüntüləri, çal-çağırı, bölgələrimizin bar-bərəkətli Novruz sovqatı, el sənətkarlığı nümunələri, zəngin milli mətbəximizin təqdimatı ilə yadda qalacaq. Qız qalasının yanından başlayıb Dənizkənarı Milli Park boyunca davam edəcək şənliyə son hazırlıqlar tamamlanmaq üzrədir.

 

Martın 17-də ümumxalq şənliyinə hazırlıq işlərinin məşqi keçirildi. Məşqə müxtəlif mədəniyyət müəssisələri, incəsənət kollektivləri və ifaçılar qatılmışdı.

Məşq prosesini yaxından izləyən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev hazırlıq işləri barədə jurnalistlərə müsahibə verdi.

Öncə Azərbaycan xalqına təbriklərini çatdıran nazir müavini bildirdi ki, Novruz bayramına həsr olunan bu şənliyin yüksək səviyyədə baş tutması üçün bütün lazımi işlər görülüb, aparıcı musiqi kollektivləri cəlb olunub, onların hazırlıq səviyyəsi yoxlanılıb: “Hazırda son məşqlər gedir. Görülən işlər onu deməyə əsas verir ki, Novruz bayramına həsr edilən bu möhtəşəm tədbir bütün insanların ürəyincə olacaq”.

Sonra Ədalət Vəliyev şənliyin proqramı haqqında ətraflı məlumat verdi.

Bildirdi ki, hər il Novruz bayramı Prezident İlham Əliyev və ölkənin birinci xanımı, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə yüksək səviyyədə qeyd olunur. Bu il də ənənə pozulmayacaq. Mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi, zəngin folklorumuzu, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı həm Bakıda, həm də ölkəmizin bütün bölgələrində geniş qeyd olunacaq.

 

Bayram şənliyi üçün rəngarəng proqram hazırlanıb

 

Qeyd olundu ki, martın 19-da Novruz şənlikləri İçərişəhərdən, Qız qalası ətrafından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək. Mədəniyyət və Turizm Nazirliyi ənənəvi olaraq bayram şənliyinin təşkilatçısı qismində çıxış edir. Bu il də respublikanın teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərin, qalereyaların iştirakı ilə geniş proqram hazırlanıb. Bayram şənliyi Azərbaycan Televiziyası ilə canlı yayımlanacaq.

 

 

 

 

 

Tədbirdə ənənəvi “Şərq bazarı” da təşkil ediləcək. Azərbaycanın bölgələrini əhatə edən milli mətbəx nümunələri, həmçinin ölkəmizin müxtəlif rayonlarının kənd təsərrüfatı məhsulları, bayram adət-ənənələri nümayiş olunacaq, xalq tətbiqi sənət nümunələri sərgilənəcək. Eyni zamanda muğam ifaçıları və aşıqlar ayrı-ayrı səhnələrdə çıxış edəcəklər.

Bayramın personajlarına gəlincə, ənənəvi olaraq şənliyə Dədə Qorqud xeyir-dua verəcək, Bahar qızı iştirakçıları salamlayacaq. Kosa və Keçəllə bağlı səhnə, qaravəllilərdə və xalq dastanlarında olan qəhrəmanların, nağıl obrazlarının bir araya gəlməsi mərasimə xüsusi ovqat gətirəcək. Teatrların aktyorları, o cümlədən Kukla Teatrının bütün kollektivi həm kukla obrazlarında, həm də xalq nağılları qəhrəmanlarının obrazlarında şənlikdə iştirak edəcəklər.

Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivi, digər mahnı və xalq çalğı alətləri kollektivləri, rəqs qrupu, Xoreoqrafiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri və rayonlardan gələn ayrı-ayrı bədii özfəaliyyət kollektivləri də bayrama rəng qatacaqlar.

 

Çeşidli stend və təqdimatlar

 

Nazir müavini bildirdi ki, Novruz şənliyində bu il 17-19 iyun tarixində Bakıda keçiriləcək “Formula 1” yarışları üzrə Avropa Qran-pri mərhələsinə həsr olunmuş xüsusi stendlər də nümayiş etdiriləcək. Eyni zamanda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə idmanın bütün növləri bu stenddə təqdim olunacaq. Həmçinin 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ilielan olunması da mərasimdə diqqətə alınacaq. Respublikada yaşayan azsaylı xalqların adət-ənənələrini və özünəməxsusluqlarını ehtiva edən təqdimatlar “Multikulturalizm ili”nə töhfə olacaq.

Ədalət Vəliyev vurğuladı ki, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi də Novruz şənliyinin təşkil olunmasında yaxından iştirak edir.

Sonda nazir müavini bayram şənliyinə hazırlıq işlərinin davam etdirilməsi, məşqlərin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

 

 

 

 

 

“Şərq bazarı” üç gün davam edəcək

 

Qeyd edək ki, Novruz şənliyi çərçivəsində ölkəmizin müxtəlif rayonlarını əhatə edən ənənəvi “Şərq bazarı” yarmarkasında bayram sovqatları, mədəni irs, sənaye məhsulları və mətbəx nümunələri ayrı-ayrı stendlərdə nümayiş olunacaq. Ötən ildən fərqli olaraq bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunacaq bayram yarmarkası 3 gün davam edəcək. Bayram günlərində Dənizkənarı Milli Park gücləndirilmiş rejimində işləyəcək. Bulvarda fəaliyyət göstərən obyektlər tez açılıb, gec bağlanacaq. Həmçinin paytaxtın muzeyləri, teatrları və digər mədəniyyət müəssisələri də gücləndirilmiş rejimində fəaliyyət göstərərək, şəhər sakinlərinə və qonaqlara xidmət edəcək.

Novruz şənliyi Muzey Mərkəzinin qarşısında nəfəs alətləri orkestri, hərbi orkestr və Dövlət Xor Kapellasının çıxışları ilə yekunlaşacaq. Tədbir daha sonraSaat” qülləsinin qarşısında davam edəcək. Burada səhər saat 11-dən başlanacaq bayram konserti saat 17-dək izləyicilərə xoş ovqat bəxş edəcək.

Bir sözlə, hazırlanan zəngin proqram tədbirə qatılacaq paytaxtımızın sakinlərinə və qonaqlara, eləcə də konserti televiziya vasitəsilə seyr edəcək vətəndaşlarımıza əsl bayram ovqatı yaşadacaq.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 18 mart.- S. 8.