Türk ellərindən dünyaya Novruz çələngi

 

TÜRKSOY qardaş xalqların sənətçilərini Türkiyədə və ABŞ-da bir araya gətirib

 

Hər il olduğu kimi, builki Novruz günlərində də Beynəlxalq Mədəniyyət Təşkilatı TÜRKSOY qardaş xalqların sənətçilərini bir araya gətirərək silsilə bayram tədbirləri keçirdi. Türk dünyasının dörd bir tərəfindən gələn 200-dək sənətçi Türkiyənin şəhərlərində, eləcə də okeanın o tayında rəngarəng konsert proqramları təqdim etdilər.

Heyətin açılış konserti İstanbulda gerçəkləşdi. Ankarada isə Novruz tədbirlərinə martın 21-də Gənclik parkında bayram tonqalının yandırılması ilə start verildi.

Ankaranın tarixi opera binasında isə tədbirin rəsmi açılışı oldu.

Əvvəlcə iştirakçılar Novruz tonqalı yandıraraq dəmir döymə ənənəsini canlandırdılar.

Tədbirdə açılış sözü söyləyən Türkiyənin mədəniyyət və turizm naziri Mahir Ünal ümumtürk coğrafiyasında diriliyin və düzənin, sevginin və barışın, yaxşılığın və qardaşlığın bahar bayramı ilə anladıldığına diqqət çəkərək dedi:Novruz yenidən dirilişdir. Novruz hər səfərində bizə bir şeyi yenidən pıçıldayır: “Qorumamız lazım olan ən əsas şey ürəyimizdəki yaxşılıq duyğusudur".

Türkiyə xarici işlər nazirinin müavini Naci Koru bildirdi ki, tarixi minilliklərlə ölçülən Novruz Orta Asiyadan Balkanlara, Qafqazlardan Yaxın Şərqə uzanan geniş bir coğrafiyada bərəkəti simvollaşdırır, birlik, bərabərlik və qardaşlığı əks etdirir”.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Türkiyədə son vaxtlar baş verən terror hücumlarını şiddətlə qınayaraq dedi: “Bu an yüzlərlə ananın ürəyi sevdiklərini itirmiş bir acının ağrısıyla yanır. Belə bir zamanda qəlbən əylənmək, əlbəttə, mümkün deyil. Bu tədbirimizin məqsədi əylənmək deyil, bütün dünyaya qarşılıqlı tolerantlıq, sülhün, qardaşlığın əhəmiyyətini bir daha xatırlatmaqdır. Novruz insanın təbiət ilə əlaqəsini ortaya qoyan birləşdirici, yaxınlaşdırıcı bir bayramdır. Elə bu istiqamətdə də ölkələrimizdə və dünyada coşquyla Novruzu qeyd etməyə davam etməliyik. Yeniliyin, yaxşılığın, işıqlığın, istiliyin, tolerantlığın simvolu Novruz insanlığa ümid, həyat sevinci, dinclik gətirən bayramdır. Bütün insanlığın mədəni mirası olan Novruz bayramınızı təbrik edirəm”.

Açılış nitqlərindən sonra tədbirin bədii hissəsinə start verildi. 15 ölkədən sənətçilərin yer aldığı konsert proqramı maraqlı ifa, rəqs və musiqilərlə davam etdi.

Azərbaycanı tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayevin rəhbərlik etdiyi heyət təmsil edirdi. Heyətə Əməkdar artist Mircavad Cəfərovun rəhbərliyi ilə “Cəngi” estrada folklor ansamblı və Aşıq Əli daxil idi. Eyni zamanda türk ölkələrinin birləşmiş orkestrində iki azərbaycanlı solist - tarkamança ifaçıları Şəhriyar MusayevMircavid Cəfərov da təmsil olunurdu.

Bizimlə söhbətində TÜRKSOY-un təşəbbüsü ilə Novruzun türkdilli ölkələrin sənətçiləri ilə birlikdə artıq neçə dəfədir keçirildiyini deyən F.Babayev belə tədbirlərin önəmini vurğuladı: “Novruzun 2009-cu ildə UNESCO-nun irs siyahısına daxil edilməsindən, 2010-cu ildə BMT tərəfindən beynəlxalq gün elan olunmasından sonra TÜRKSOY-un təşəbbüsü ilə bu bayram Fransada, Amerikada qeyd olunub. Türk xalqlarının öz mədəniyyətlərini AvropaAmerikada təqdim etmələri gözəl addımdır. Sevindiricidir ki, Azərbaycan da bu tədbirlərin önəmli iştirakçısıdır. Türk xalqlarının bir araya gəlmələri, ortaq mədəniyyətlərini təqdim etmələri təqdirəlayiq bir haldır. İndi Novruz türk respublikalarında dövlət səviyyəsində qeyd olunur. Lakin onun birlikdə qeyd olunması xüsusi bir önəm daşıyır. Bu mənada TÜRKSOY-un təşəbbüslərini bəyənir və ona dəstək veririk”.

Tədbirdən sonra qonaqlar özbək plovu və şəkərburanın dadına baxdılar.

Qeyd edək ki, Ankaradakı Novruz tədbirləri martın 22-də Keçiörəndə, martın 23-də isə Pursaklarda konsert proqramları ilə davam etdirildi. Bundan başqa Türkiyənin Bursa, Bolu, Əskişəhər, Uşak, Biləcik, İnegöl və digər yerlərində də Novruz tədbirləri keçirilib.

* * *

Martın 23-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TÜRKSOY-a üzv ölkələrin mədəniyyət və sənət elçilərini qəbul edib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov qurumun fəaliyyəti, o cümlədən Novruz mərasimlərinin təşkili barədə ümumi məlumat verərək bildirib ki, bu il bayram tədbirləri BMT-nin mənzil-qərargahında və Vaşinqtonda da təşkil ediləcək.

Qurumun fəaliyyətini yüksək dəyərləndirən Türkiyənin dövlət başçısı türkdilli xalqların ortaq sərvəti olan Novruzun bütün dünya üçün sülhbirlik bayramı olduğunu diqqətə çatdırıb. O, TÜRKSOY-un türk dili, mədəniyyəti və sənətinin qorunması, canlandırılması və araşdırılması istiqamətində gördüyü işləri təqdirlə qarşıladığını deyib.

TÜRKSOY-un baş katibi Prezidentə Novruz xonçası və ənənəvi qazax geyimi - “çapan” hədiyyə edib.

* * *

Martın 24-də heyət Amerika Birləşmiş Ştatlarına yola düşüb. Okeanın o tayında ilk Novruz konserti martın 28-də Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında keçirilib.

Xeyli sayda diplomat və qonağın qatıldığı mərasimdə çıxış edən BMT baş katibinin birinci müavini Yan Eliasson Novruzun dünya mədəniyyətinin mirası olduğunu söyləyib, bu konsertdə iştirak etməkdən və insanların bayram sevincinə şərik olmaqdan məmnunluq duyduğunu bildirib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov belə konsertin sülh, qardaşlıq və həmrəylik nümayiş etdirmək baxımından vacibliyini vurğulayıb. Diqqətə çatdırılıb ki, builki tədbir keçmiş SSRİ-nin türk respublikalarının müstəqilliyinin 25-ci ildönümünə həsr edilib.

Çıxışlardan sonra türkdilli ölkələrin musiqiçiləri Novruz adət-ənənələrini tərənnüm edən təqdimatlarla çıxış ediblər.

Azərbaycan təmsilçilərinin çıxışları konsert proqramında xüsusilə seçilib və sürəkli alqışlarla qarşılanıb.

Nyu-Yorkda növbəti konsert martın 29-da “Baruch Performing Center”də keçirilib.

ABŞ-da Novruz tədbirləri aprelin 1-də Vaşinqtonda yekunlaşacaq.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2016.- 30 mart.- S. 16.