Səhnə fədaisinin 130 illiyi qeyd olunub

Martın 28-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Buzovna qəsəbə Mədəniyyət evi ilə birlikdə SSRİ Xalq artisti Sidqi Ruhullanın (Ruhulla Axundov) anadan olmasının 130 illiyi ilə əlaqədar tədbir keçirib.

R.Axundov adına qəsəbə Mədəniyyət evində keçirilən tədbirdə aktyorun qohumları, mədəniyyət işçiləri, qəsəbə sakinləri iştirak ediblər. Çıxış edənlər sənətkarın teatr xadimi, müqtədir aktyor kimi ömür yolundan söhbət açıblar.

Bildirilib ki, 50 illik səhnə fəaliyyəti dövründə Sidqi Ruhulla 300-ə yaxın rol oynayıb, Azərbaycan yazıçıları ilə yanaşı, rus klassiklərinin, Avropa dramaturqlarının əsərlərində müxtəlif yaddaqalan obrazlar yaradıb. Onun əməyinə hələ sağlığında yüksək qiymət verilib və fəaliyyəti ən yüksək mükafatlarla dəyərləndirilib.

Tədbirdə Sidqi Ruhullanın çəkildiyi filmlərdən kadrlar, Teatr Muzeyinin fond materialları əsasında aktyorun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.

 

Mədəniyyət.- 2016.- 30 mart.- S. 6.