Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Omarov vəfat edib

 

Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Osman oğlu Omarov 2016-cı il aprelin 28-də vəfat etmişdir.

N.Omarov 1954-cü ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. Əmək fəaliyyətinə musiqi məktəbində müəllim kimi başlayan N.Omarov Qax rayon Qaxmuğal kənd mədəniyyət evinin direktoru, Qax rayon mədəniyyət evinin bədii rəhbəri, direktoru vəzifələrində işləmişdir.

1994-cü ildən 2006-cı ilədək Qax Rayon Mədəniyyət Şöbəsinin, 2006-cı ildən ömrünün sonunadək rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Həmişə vəzifəsinin öhdəsindən layiqincə gəlmiş, təcrübəli işçi kimi hörmət qazanmışdır. N.Omarovun uzunmüddətli və səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və o, 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.

Yorulmaz və səmimi insan, təşkilatçı kimi nüfuza malik N.Omarovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi mərhumun vəfatı ilə əlaqədar başsağlığı verir, əzizlərinə və doğmalarına Allahdan səbir diləyir.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2016.- 4 may.- S. 6.