Şuşa teatrının “Aprelin dörd günü” kompozisiyası

 

Aprelin əvvəlində Azərbaycan ordu hissələrinin cəbhə xəttində düşmənin təxribatlarına layiqincə cavab verməsi illərdir doğma yurdun həsrətində olan Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Kollektiv ordumuzun qələbə ruhunu əks etdirən “Aprelin dörd günü” adlı musiqili ədəbi-bədii kompozisiya hazırlayıb. Kompozisiya Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümü ilə əlaqədar həyata keçirilən "Şəhidlər ölməz, vətən bölünməz" layihəsi çərçivəsində mayın 4 və 5-də “Azərsun Holdinq” Mədəniyyət Mərkəzində və Azərbaycan Dövlət İqtisad Universitetinin II tədris binasında nümayiş olunub.

Azərbaycan və Türkiyə şairlərinin şeirləri əsasında Loğman Kərimov tərəfindən səhnələşdirilən kompozisiyada bəstəkarlarımızın musiqilərindən, Azərbaycan ordusunun qüdrətini əks etdirən videomateriallardan istifadə olunub.

Kompozisiya mayın 6-da Beynəlxalq Muğam Mərkəzində də təqdim olunacaq.

 

Mədəniyyət.- 2016.- 6 may.- S. 5.