Məktəblilərin hərbi-vətənpərvərlik mövzulu rəsm sərgisi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan silsilə tədbirlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtdakı “Sahil bağı”nda rayon məktəbliləri arasında hərbi-vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi keçirilib.

100-dən çox məktəbli onlara ayrılmış vaxt ərzində rəsmlər çəkiblər. Gənc rəssamlar, eləcə də müəllimlər məktəblilərə rəsmlərin çəkilişində müvafiq məsləhətlər veriblər.

Eyni zamanda parkda gənc rəssamların həmin mövzuda çəkdikləri rəsmlərdən ibarət sərgi nümayiş etdirilib, sərgi parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Münsiflər heyəti məktəblilərin rəsmlərinə baxaraq qalibləri müəyyən ediblər. Qaliblər fəxri fərmanlar və hədiyyələrlə, digər iştirakçılar və sərgidə əsərləri nümayiş etdirilən gənc rəssamlar rayon İcra Hakimiyyəti və Rəssamlar İttifaqının diplomları ilə mükafatlandırılıblar.

Mədəniyyət.- 2016.- 11 may.- S. 16.