Uşaqların sənət məbədi

Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təsviri sənət qalereyası 1983-cü ildə yaradılıb. Uşaq və gənclərin tanınmış yaradıcılıq ünvanlarından olan məkan bu illər ərzində paytaxtın mədəniyyət ocaqları sırasında özünəməxsus yer tutub. Bu, Təhsil Nazirliyinin paytaxtda yeganə qalereyasıdır.

Qalereyada şagirdlərin yaradıcılıq məşğələləri və sərgilərin nümayişi üçün 7 iri salon var. Bura məktəblilərin asudə vaxtının səmərəli keçirilməsi, onların rəssamlıq sahəsində inkişafı baxımından böyük önəm daşıyır.

Estetik Tərbiyə üzrə Tədris-Metodik Mərkəzinin direktoru Kəmalə Cəfərzadə bildirir ki, qalereya estetik tərbiyə ilə bağlı müxtəlif layihələrin, tədbirlərin təşəbbüskarı və icraçısı olub. Mərkəz həm də estetik tərbiyə sahəsində işləyən pedaqoji kadrların yaradıcılıq fəaliyyətinin təşkilinə əməli yardımlar edir. Hazırda Bakıda sağlamlıq imkanları məhdud uşaqlar üçün bir neçə təhsil ocağında mərkəz tərəfindən təşkil olunan eksperimental studiyalar fəaliyyət göstərir.

2014-cü ildə qalereya əsaslı təmir edilib, müasir avadanlıqlar, molbertlər, lövhələr, müxtəlif tədris ləvazimatları və s. ilə təchiz olunub. Qalereyada yerləşdirilmiş müasir qrafik redaktorlarqrafik planşetlər vasitəsilə ənənəvi təsvir texnikalarını dəqiqliklə əks etdirmək mümkündür.

Burada qrafika və rəngkarlıq, rəqəmsal təsvir, həndəsi rəsm dərnəkləri fəaliyyət göstərir. Dərnəklərdə 5-16 yaşlı şagirdlər bədii-estetik dünyagörüşün inkişafında akademik bilik və bacarıqlar əldə etməklə yanaşı, müxtəlif süjetli kompozisiyaların qeyri-ənənəvi təsvir üsulları və texnikalar vasitəsilə rəssamlıq sənətinin sirlərini də öyrənirlər.

Qalereyada kiçik (5-8 yaş), orta (9-11) və böyük (12-16) yaş qrupları fəaliyyət göstərir. Gün içində qalereyada şagirdlərə 4 saat dərs keçilir. Hər bir şagird rəsmlə 2 saat məşğul olur. Dərslər həftədə iki dəfə keçirilir və hər bir şagird istəyinə uyğun günsaat seçə bilir.

Qalereyada uşaqlar nəinki ənənəvi boyalarla, həm də kompüter vasitəsilə rəsm çəkməyi öyrənirlər. Rəqəmsal təsvir dərnəyinin məqsədi təsviri sənət ənənələrini qoruyub saxlamaqla, geniş imkanlara malik kompüterlər vasitəsilə təsvirlərin yaradılmasını öyrətməkdir.

Qalereya şagirdləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə bu il dördüncü dəfə keçiriləcək “Saf rənglər” beynəlxalq müsabiqəsinin fəal iştirakçılarıdır. Rəqəmsal təsvir dərnəyinin üç üzvü 25 mayda açılacaq budəfəki müsabiqə üçün maraqlı animasiyalar hazırlayıblar. Bunlarla yanaşı, qalereyada ölkə əhəmiyyətli sərgilər, müsabiqələr, ustad dərsləri təşkil olunur.

Buradakı pedaqoji heyət 10 təcrübəli müəllimdən ibarətdir. Peşəkar müəllimlər tərəfindən yetişdirilən və gələcək talelərini sənətə bağlamağı planlaşdıran gənclər təhsillərini Rəssamlıq Kollecində, Mədəniyyət və İncəsənət Universitetində, Dövlət Rəssamlıq Akademiyası, Memarlıq və İnşaat Universitetində davam etdirirlər. Uşaqların qalereyaya qəbulu yeni tədris ilinin başlamasına qədər aparılır və dərnəklər hər il sentyabrın 15-də işə başlayır.

K.Cəfərzadə həm də ümumtəhsil məktəblərində tədris olunan 1-9-cu siniflərin “Təsviri incəsənət” dərsliklərinin müəllifidir. 18 il paytaxtdakı Avropa liseyində təsviri sənət dərsini tədris edib, “İlin müəllimi” adına layiq görülüb. Bir neçə il öncə “Multikulturalizm uşaqların gözü ilə” layihəsini uğurla gerçəkləşdirib. Layihə çərçivəsində uşaqlara xalçalarımızdakı naxışlar, eləcə də MisirÇinin dekorativ-tətbiqi sənəti öyrədilib. Bu layihə ilə Kəmalə xanım Portuqaliyada keçirilən müəllimlərin forumuna vəsiqə qazanıb, orada da layihəni təqdim edib.

Həmsöhbətim bildirir ki, indi təsviri sənət sahəsində əyani vəsaitlər, metodik vəsaitlər çoxdur. Burada təhsil alan şagirdlər nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq sərgi və müsabiqələrdə uğurla iştirak edir, sertifikat, diplom, medallar qazanırlar: “Tez-tez açıq qapı günləri keçiririk. Burada istənilən uşağa öz istedadını göstərmək imkanı yaradırıq. Həmin gün üzvümüz olmayan uşaqları da iştirak etmək üçün qalereyamıza dəvət edirik. Onlar gəlib işləyir, çəkdiklərini də özləriylə aparırlar. Adətən valideynlər uşaqlarını əyləncəli yerlərə çox aparırlar, əslində isə belə ünvanlara gətirmək daha faydalıdır”.

Qalereya müxtəlif dövlət qurumları ilə birgə tədbirlər, həmçinin digər qalereyalarla müxtəlif layihələr həyata keçirir, tanınmış yerlixarici ölkə rəssamlarının ustad dərslərini təşkil edir. İndi qalereya 26 iyun - Silahlı Qüvvələr Günü ilə bağlı müsabiqə elan edib. Müsabiqənin şərtləri ölkə üzrə bütün orta məktəblərə göndərilib. Mayın 30-na qədər bütün bölgələrdən rəsmlər qəbul ediləcək. Sonra münsiflər heyətinin üzvləri işləri dəyərləndirəcək, qaliblər qalereyaya dəvət edilib mükafatlandırılacaqlar.

Dərslər bitdikdən sonra qalereyada yay məktəbi açılacaq. Yay məktəbində uşaqların ekskursiyalara aparılması və açıq havada rəsm çəkmələri nəzərdə tutulur.

S.Soltanlı

Mədəniyyət.- 2016.- 11 may.- S. 15.