Bölgələrdə ənənəvi kitab bayramları

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə hər il may ayında ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə şəhər və rayonlarımızda ənənəvi kitab bayramları təşkil edilir. Tədbirlər çərçivəsində sərgilər, kitab təqdimatları keçirilir. Builki tədbirlər də rəngarəngliyi ilə diqqət çəkir.

Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində MKS-nin təşkilatçılığı ilə keçirilən kitab bayramında “Güclü lider - güclü dövlət”, “2016-cı il Multikulturalizm ilidir”, “İlin yubilyarları” və s. başlıqlı sərgilər təşkil olunub. Sərgilərdə 600 adda 1200 nüsxədən çox kitab, həmçinin dahilərin kitabkitabxana barədə dedikləri qiymətli fikirlərdən ibarət 18 adda pannolar nümayiş etdirilib.

Tədbirdə MKS-nin direktoru Seyfəddin Feyzullayev çıxış edib. Sonda rayon mədəniyyət kollektivlərinin ifasında vətənpərvərlik mövzusunda konsert proqramı və səhnəciklər təqdim olunub.

* * *

Göygöl rayon MKS-nin təşkil etdiyi tədbirdə “Yeni kitablar”, “Müstəqil Azərbaycanın memarı”, “Azərbaycan mədəniyyəti və incəsənəti”, “Çox oxusan, çox bilərsən”, “Yaddan çıxmaz Qarabağ” və başqa mövzularda sərgilər keçirilib.

Şəhər Mədəniyyət evinin “Nərgiz” xalq kollektivi vətənpərvər ruhlu mahnılardan ibarət konsert proqramı təqdim edib. Məktəblilər ulu öndərə, vətənə, xalqa həsr olunmuş şeirlər söyləyiblər.

* * *

Kürdəmirdəki “Gənc Heydərçilər” parkında keçirilən kitab bayramında çıxış edən rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev ümummilli liderin müasir Azərbaycanın tarixində rolundan söz açıb, ulu öndərin kitabla bağlı fikirlərini xatırladıb. Rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli tədbir iştirakçılarına xoş arzularını çatdırıb.

Təqdim olunan musiqi nömrələri, ədəbi kompozisiya iştirakçıların marağına səbəb olub. “İlin ən fəal oxucuları” nominasiyası üzrə və “Kitabxananın ictimai həyatında fəal iştirakına görə” bir neçə oxucu diplomla təltif edilib.

* * *

Şamaxı rayon Mərkəzi kitabxanasında təşkil olunan tədbirdə Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsini icra edən Rəfail Tağızadə, MKS-nin direktoru Ərəsdun Xələfov çıxış edərək tədbirin məqsəd və mahiyyəti barədə məlumat veriblər.

“Heydər Əliyev və mədəniyyət”, “Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir”, “2016-cı il Multikulturalizm ilidir”, “Şamaxı - sirlər xəzinəsi” və digər başlıqlı sərgilərdə 1500-dək kitab nümayiş olunub. Vətənə həsr olunmuş şeirlər söylənilib, səhnəciklər təşkil edilib. Şamaxı İncəsənət Təhsili Mərkəzinin vətənpərvərlik mövzusunda rəsm sərgisi maraqla qarşılanıb.

* * *

Qəbələdəki Heydər Əliyev parkında MKS-nin təşəbbüsü ilə təşkil olunan kitab bayramını Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova açaraq kitabxana işinin yaxşılaşdırılması üçün görülən işlər haqqında məlumat verib.

Tədbir vətənpərvər ruhlu musiqilərin sədası ilə davam edib, məktəblilər şeirlər söyləyiblər. Kitab sərgisində oxucuları maraqlandıran hər bir mövzuda nəşrlər nümayiş etdirilib, kiçikyaşlı oxucular üçün “nağıl dünyası” yaradılıb.

* * *

Yardımlı rayon Mərkəzi kitabxanası tərəfindən şəhər stadionunda kitab bayramı keçirilib. Təşkil olunan sərgidə 200 addan artıq kitab nümayiş etdirilib. Nəşrlər içərisində ulu öndərin irsinin öyrənilməsinə, ordu quruculuğumuza, Qarabağın tarixinə, hərbi-vətənpərvərlik mövzusuna dair kitablar yer alıb. Çıxışlardan sonra şagirdlər hərbi-vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

* * *

Şəmkir şəhər X.İbrahimov adına istirahət parkında təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, məktəblilər, uşaq bağçalarının fidanları və kitabsevərlər iştirak ediblər. Tədbirdə müxtəlif mövzulu fotostendlər və 2400 nüsxədən artıq kitab nümayiş olunub. Vətənə, torpağa, bayrağa həsr olunmuş şeirlər səsləndirilib, səhnəciklər göstərilib.

* * *

Qazax rayon MKS-nin təşkilatçılığı ilə Mədəniyyət mərkəzinin qarşısında keçirilən tədbirdə MKS-nin direktoru Solmaz Babanlı çıxış edib. Şairlərdən Tamella Poladlı, Bilal Qoca, Mustafa Rasimoğlu və başqaları ulu öndərə və Vətən həsr etdikləri şeirlərini söyləyiblər.Tariximiz şərəfimiz”, “Milli Qəhrəmanlar zirvəsi”, “Azərbaycan multikulturalizm və tolerantlıq nümunəsidir”, “Qazaxın turizm potensialı” və s. başlıqlı kitab və gənc rəssamların əl işlərindən ibarət sərgilərə baxış olub.

* * *

Ağsu rayon Mərkəzi kitabxanasında təşkil olunan mərasimdə MKS-nin direktoru Cəbrayıl Bədəlov hər bir insanın həyatda mövqe qazanmasında kitabların oynadığı əhəmiyyətli roldan danışıb. Məktəblilər, balaca fidanlar ulu öndərə həsr olunmuş şeirlər səsləndiriblər. Tədbirin fəal iştirakçılarına kitablar hədiyyə olunub.

* * *

Bərdə şəhərində keçirilən tədbiri MKS-nin direktoru Həvva Mirzəyeva açaraq kitabın insan həyatında rolundan danışıb, gəncləri və yeniyetmələri kitab oxumağa dəvət edib. Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlyas Hacıyev, Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov, Səhiyyə Şöbəsinin müdiri Rəna Musatafayeva çıxış edərək bütün xalqların mənəvi sərvəti olan kitabların insanların həyat tərzinin formalaşmasına təsirindən söz açıblar.

* * *

Goranboy rayon MKS-nin qarşısında təşkil olunan “Səni vəsf edirəm, doğma Azərbaycanım!” adlı mərasimi direktor Gülnarə Nəsibova açıb.

Ulu öndərə, vətənpərvəliyə həsr olunmuş şeirlər səsləndirilib. “Bayraq”, “Vətən bölünməzdir” adlı kompozisiyalar, hərbi-vətənpərvərlik mövzusunda hazırlanmış səhnəciklər maraqla qarşılanıb. “Kitab sərhəd tanımır”, “Azərbaycan tarixi”, “Yaddan çıxmaz Qarabağ” və s. başlıqlı sərgilər nümayış etdirilib.

Mədəniyyət.- 2016.- 11 may.- S. 11.