Avropa festivalının Amnerisi Çinarə Şirin olacaq

Bugünlərdə Azərbaycan musiqili teatr sənəti üçün uğur sayılacaq bir yenilikdən xəbər tutduq. Avqustun əvvəlində Azərbaycan Dövlət Akademik Opera balet Teatrının solisti Çinarə Şirin İtaliyada keçiriləcək ənənəvi «Avropa opera festivalı»nda iştirak edəcək. Çinarə xanım ilə görüşüb bu xəbərlə maraqlandıq.

- Əvvəlcə teatrımızın rəhbərliyinin biz gənclərin müxtəlif kurslarda iştirakına, məşhur vokal müəllimlərindən dərs almağımıza şərait yaratdığı üçün minnətdarlığımı bildirirəm. Ötən ilin dekabrında Milanda «Scuola Musicale in Foro Buonaparte» məktəbində ustad dərslərində idim. Təsadüfən eşitdim ki, avqust ayında baş tutacaq ənənəvi opera festivalında iştirak üçün dinləmələr keçirilir. Müəllimim Anatoli Alekseyeviç Qusev, konsertmeyster Səadət İsmayılova dinləmələrə qatılmağı mənə təklif etdilər. Heç bir nəticə gözləmədən, sadəcə, Avropanın məşhur vokal biliciləri qarşısında çıxış etmək, onların fikrini bilmək niyyətilə razılaşdım. Xüsusi hazırlaşmadığımdan öz repertuarımdan J.Bizenin «Karmen» operasından Karmenin Habanerasını, C.Verdinin «Trubadur» operasından Asuçenanın ariyasını oxudum. Məşhur teatr rejissoru tənqidçisi Enrike Stinkellinin başçılıq etdiyi münsiflər heyətindən ifam haqqında müsbət rəy eşitdim.

- Bəs nəticə barədə məlumat vermədilər?

- Xeyr. Bu, çox böyük opera festivalıdır. Adətən avqust ayının əvvəllərində keçirilir. İştirakçılar festival günlərində həm opera tamaşaları oynayır, İtaliyanın bir neçə şəhərində konsertlərdə çıxış edir, həm dünya şöhrətli vokalçı pedaqoqlardan ustad dərsləri alırlar. Enrike Stinkelli müxtəlif opera agentlikləri ilə işləyir, müqavilə ilə müxtəlif teatrlarda tamaşa hazırlayır. Opera festivalı üçün münsiflərin Milanda, Romada, İtaliyanın bir neçə başqa şəhərində, hətta Rusiyanın Sankt-Peterburq şəhərində keçirdikləri dinləmələrdə 400 nəfər iştirak etmişdi. bugünlərdə mənə xəbər verdilər ki, 400 nəfər arasından seçilmiş 14 vokalçıdan biri mənəm. Bu xəbər mənim üçün çox xoş bir sürpriz oldu.

- Səhv etmirəmsə, bu festivalda Azərbaycanı ilk dəfə siz təmsil edəcəksiniz?

- Elədir. Bu, çox böyük fəxr məsuliyyətdir. Festivalın vaxtı barədə hələlik dəqiq məlumat verilməsə , artıq hazırlaşmağa başlamışam. Tamaşaları, kimin hansı partiyanı oxuyacağını təşkilatçılar seçirlər. Mən Cüzeppe Verdinin «Aida» operasında Amneris partiyasını ifa edəcəyəm. Çalışacağam ki, Azərbaycan vokal məktəbini layiqincə təmsil edim.

Gülcahan Mirməmməd

Mədəniyyət.- 2016.- 11 may.- S. 10.