“Heydər Əliyev və Azərbaycan kinosumövzusunda konfrans

Azərbaycan kinosunun inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndərin sovet dövründə respublikaya rəhbərlik etdiyi dövrdə milli kinoda yeni mərhələ başlayıb, tariximiz, mədəni və ədəbi irsimizlə bağlı dəyərli ekran əsərləri çəkilib. “Nəsimi”, “Babək”, “Nizami”, “Dədə Qorqudkimi filmlər bu dövrdə istehsal olunub. Həmçinin bu dövrdə Azərbaycan kinosunun maddi-texniki bazası gücləndirilib. SSRİ miqyasında kino qurğularının sayına görə Azərbaycan dördüncü yerə çıxıb. Kino xadimləri fəxri adlara, dövlət mükafatlarına layiq görülüb.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdandan sonra yenə Azərbaycan kinosuna böyük diqqət göstərib. O dövrdən Azərbaycan kinosu yenidən dövlət tərəfindən maliyyələşdirilib. Dövlət Film Fondu da o dövrdə yaradılıb. Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə hər il avqustun 2-də Azərbaycan Kinosu Günü qeyd edilir.

Bu fikirləri mayın 6-da Dövlət Film Fondunda “Heydər Əliyev və Azərbaycan kinosumövzusunda konfransda çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev söyləyib.

O bildirib ki, bu gün ölkə başçısı İlham Əliyev ulu öndərin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara diqqət və qayğısı istiqamətində həyata keçirdiyi böyük işləri davam etdirir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli sərəncamı, habelə dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” bu sahənin gələcək perspektivləri üçün geniş imkanlar yaradır.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov kinostudiyanın texniki bazasını möhkəmləndirmək məqsədilə ümummilli liderin vaxtilə gördüyü işləri diqqətə çatdırıb, kinostudiyanın bugünkü fəaliyyətindən, əldə edilən nailiyyətlərdən danışıb.

Sonra tanınmış kinorejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafayevin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuşAta yolufilmi nümayiş etdirilib. Həmçinin Film Fondunun foyesində ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər sərgilənib.

Mədəniyyət.- 2016.- 11 may.- S. 6.