“Naxışlarda yaşayan Şuşa

Mayın 8-də Azərbaycan Xalça Muzeyində Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümünə həsr olunmuş “Naxışlarda yaşayan Şuşa” adlı tədbir təşkil olunub.

Muzeyin direktoru Şirin Məlikova çıxış edərək Şuşa şəhərinin zəngin tarixindən söz açıb. Bildirib ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü xalçaçılıq sənətimizə da ağır zərbələr vurub. Buna rəğmən xalqımız Qarabağ xalçaçılıq məktəbi ənənələrini yaşatmaqdadır.

Qeyd olunub ki, tarixi inkişaf prosesində Şuşa xalçaçılıq məktəbi öz spesifikliyini qoruyub saxlayıb. Bu xalçaların bədii tərtibatına nəbati naxışlar, rəmzi xarakterli rəsmlər, dekorativ və təsviri sənətin müxtəlif sahələrindən götürülmüş kompozisiyalar daxildir. XVIII əsrdən başlayaraq Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilən məişət əşyalarından götürülmüş təsvirlərdən yeni çeşnilər hazırlanır, “Bağçadagüllər”, “Saxsıdagüllər”, “Buludkimi maraqlı kompozisiyalı xalçalar toxunurdu. Bu dövrdən etibarən Şuşada Qarabağ xalçaçılıq məktəbinin yeni inkişaf dövrü başlayıb.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva şəhərdə düşmən ordusu tərəfindən məhv edilmiş maddi mədəniyyət nümunələri haqqında danışıb. Qeyd olunub ki, dağıdılan qiymətli tarixi-mədəniyyət ocaqları arasında Şuşadakı xalça muzeyiolub. Azərbaycanın tarixi mədəniyyət mərkəzi Şuşa şəhəri 24 ildir Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Amma xalqımız əmindir ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində işğal olunmuş bütün torpaqlarımız, o cümlədən Şuşa düşmən tapdağından azad ediləcək.

Əməkdar mədəniyyət işçisi, professor Röya Tağıyeva çıxış edərək Şuşa xalçaçılıq sənəti haqqında qonaqlara ətraflı məlumat verib.

Daha sonra muzeyin direktoru Şirin Məlikova 1985-ci ildə Şuşada yaradılan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının işğal zamanı xilas edilmiş eksponatlardan ibarət hazırlanmış kataloqu qonaqlara təqdim edib.

Tədbirin bədii hissəsində Şuşa Dövlət Musiqili Dram Teatrı aktyorlarının ifasında Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı” əsəri əsasında səhnələşdirilmiş tamaşadan hissələr təqdim olunub, sonra musiqilər səslənib.

Mədəniyyət.- 2016.- 11 may.- S. 6.