Müalicəvi turizm imkanlarımız Qazaxıstanda sərgidə nümayiş etdirilir

Mayın 11-də Qazaxıstanın Almatı şəhərində 23-cü “KİHE-2016” beynəlxalq səhiyyə sərgisi və “Qazaxıstanda tibbi turizm: reallıqlar və inkişaf perspektivləri” adlı beynəlxalq konfrans işə başlayıb. Sərgidə 18 ölkədən 200-ə yaxın şirkətin məhsulları və xidmətləri nümayiş etdirilir.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Qazaxıstandakı səfirliyimizin dəstəyi ilə ölkəmizi tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının nümayəndə heyəti təmsil edir. Sərgidə Azərbaycanın Naftalan, Duzdağ (Naxçıvan), Qalaaltı (Şabran) və Qəbələnin müalicəvi turizm mərkəzlərinin imkanları nümayiş etdirilir.

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev bildirib ki, ölkəmizdə alternativ turizm növlərinin inkişafı diqqət mərkəzindədir. Son illər Azərbaycanın müalicəvi turizm mərkəzləri olan Naxçıvanda Duzdağda, Naftalanda, Şabranda, Qalaaltıda müasir hotellər tikilib istifadəyə verilib.

Nümayəndə heyəti ölkəmizin termal turizminin təbliği, eləcə də xarici turizm sənayesi nümayəndələri arasında işgüzar münasibətlərin yaradılması və davamlılığın təmin edilməsi məqsədilə ikitərəfli görüşlərə də qatılıblar.

Görüşdə sağlamlıq turizmi sahəsində əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, Qazaxıstan və Rusiyadan turistlərin cəlb edilməsi məsələləri müzakirə olunub. “KİHE-2016” beynəlxalq səhiyyə sərgisi mayın 13-də başa çatacaq.

Mədəniyyət.- 2016.- 13 may.- S. 9.