Dağıstan incəsənət ustaları Zaqatalada çıxış ediblər

Xəbər verildiyi kimi, Azərbaycanda ilk dəfə Rusiya Federasiyası Dağıstan Respublikasının mədəniyyət günləri keçirilir. Mayın 12-də Bakıda mədəniyyət günlərinin təntənəli açılış mərasimi keçirilib.

Bu münasibətlə ölkəmizə gələn qonşu respublikanın incəsənət ustaları - Həmzət Sadasa adına Avar Musiqili Dram Teatrı və Dağıstan Dövlət Rəqs Ansamblı mayın 11-də axşam Zaqatala rayonunda olub. Nümayəndə heyətinə Dağıstan Respublikası baş nazirinin müavini Ramazan Əliyev rəhbərlik edir.

Zaqatala rayon Mədəniyyət mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Tofiq Əhmədov və Avar Musiqili Dram Teatrının direktoru Maqomedrasul Maqomedrasulov çıxış edərək, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında bütün sahələrdə uğurla inkişaf edən əlaqələrdən danışıblar. Qonaqlara Zaqatala rayonunun tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə məlumat verilib. Vurğulanıb ki, Azərbaycanda Dağıstan mədəniyyəti günlərinin keçirilməsi mədəni sahədə əməkdaşlığın inkişafına, xalqların bir-birinə daha da yaxınlaşmasına, dostluq əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Zaqatalanın bir qrup mədəniyyət işçisinə Dağıstan Respublikası adından fəxri fərmanlar təqdim olunub.

Sonra Avar Musiqili Dram Teatrının üzvləri və rəqs kollektivi zaqatalalılar qarşısında teatrlaşdırılmış konsert proqramı ilə çıxış ediblər. Teatr kollektivinin təqdim etdiyi səhnəciklər, rəqqasların məharətli çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Dağıstanın teatr kollektiviansambl üzvləri mayın 12-də Balakən rayonunda da olublar. Mədəniyyət günləri çərçivəsində Dağıstanda fəaliyyət göstərən teatrların kollektivlərinin paytaxt Bakı ilə yanaşı, XaçmazQusar rayonlarında da çıxışları nəzərdə tutulub.

Mədəniyyət.- 2016.- 13 may.- S. 8.