“Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda elmi-nəzəri konfrans

Bakı Xoreoqrafiya Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda birinci respublika elmi-nəzəri konfransı keçirilib.

Akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev tədbiri açaraq ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən söz açıb. Bildirilib ki, hələ sovet dövründə Azərbaycanın bir sıra görkəmli ziyalıları, elm, ədəbiyyat, incəsənət xadimləri onun himayəsi və təşəbbüsü ilə müxtəlif dövlət mükafatlarına və yüksək fəxri adlara layıq görülüblər. Heydər Əliyevin diqqət və qayğısı sayəsində o dövrdə Azərbaycanda 16 dövlət teatrı fəaliyyət göstərib və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə əsasını müstəqillik, azərbaycançılıq, dövlətçilik, milli tərəqqi kimi dəyərlər təşkil edən yeni bir ideologiyanın bünövrəsi qoyulub.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ulu öndərin Azərbaycan mədəniyyət sahəsinə diqqət və qayğısından, ədəbiyyat və incəsənətin inkişafı naminə zəngin fəaliyyətindən, milli mənəvi dəyərlərimizin beynəlxalq aləmdə tanıdılması istiqamətində misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, ümummilli lider həmişə mədəniyyət xadimlərinə, incəsənət və teatr işçilərinə xüsusi diqqət və qayğı ilə yanaşıb. Onların əməyini yüksək qiymətləndirib, hər zaman bu sahənin adamları ilə görüşlər keçirib, onların problemləri ilə maraqlanıb.

Professorlar Nizaməddin Şəmsizadə, Nailə Rəhimbəyli, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə Heydər Əliyevin ədəbiyyat, musiqikino sənətinə diqqət və qayğısı haqqında məruzələrlə çıxış ediblər. Mədəniyyət və incəsənət xadimləri ulu öndərlə bağlı xatirələrini bölüşüblər.

Sonra konfrans işini bölmə iclasları ilə davam etdirib, məruzələr dinlənilib.

Tədbir çərçivəsində ulu öndərin zəngin irsini əks etdirən kitab sərgisi təşkil olunub.

Mədəniyyət.- 2016.- 13 may.- S. 5.