“Üfüqləri nəğmə söyləyən Bakı...”

Üfüqləri nəğmə söyləyən Bakı... “Söz” ədəbi layihənin növbəti tədbirində söylənilən bu misra Mərakeşin Azərbaycandakı səfiri Həsən Haminin “Bakı” şeirindəndir. Layihənin mayın 13-də keçirilən poeziya gecəsi mərakeşli diplomatın yaradıcılığına həsr olunub.

Tədbirdə Azərbaycan, ərəb və ingilis dillərində şeirlər səsləndirilib. Özünəməxsus dünyagörüşü, Azərbaycana böyük sevgisi olan səfirin ana dilində oxuduğu şeirlər dinləyicilərə xoş anlar yaşadıb.

Şeirləri Azərbaycan dilinə tərcümə edən AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Mahir Həmidov bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihənin məqsədi cəmiyyətdə ədəbi ənənələrə, poetik axşamlara marağı artırmaq, həmçinin ədəbi inkişafı stimullaşdırmaqdır.

Layihənin yeddinci tədbiri olan poeziya gecəsində Həsən Haminin “Bakı”, “Şərq”, “Bağışlayın”, “Şair və vətən”, “Gül”, “Səfər”, “Eşqin yanğısı”, “Yun köynək”, “Cürət” və digər şeirləri həzin musiqinin müşayiəti ilə səsləndirilib. Poeziya nümunələrində müəllifin vətənə, Bakıya, dünyaya, gözəlliyə, təbiətə və xeyirxah insanlara sevgisi əks olunub. Şeirləri Azərbaycan dilində Mələk Abaszadə və Yaqut Paşazadə oxuyublar.

Diqqətə çatdırılıb ki, səfirin dilimizə çevrilən şeirləri Prezident yanında Bilik Fondunun dəstəyi ilə kitabça halında nəşr olunacaq.

Sonda səfir layihənin rəhbərinə və iştirakçılara minnətdarlığını bildirib.

Mədəniyyət.- 18 may.- S. 13.