Ustad tarzəndən xeyirxah addım

Xəbər verildiyi kimi, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində şəhər (rayon) uşaq musiqi və incəsənət məktəblərinin tar müəllimləri üçün ixtisasartırma kursları təşkil edilib. 2-23 may tarixini əhatə edən kurslarda ixtisas fənləri görkəmli tarzən, Xalq artisti, professor Ramiz Quliyev və 35 saylı G.Şaroyev adına uşaq musiqi məktəbinin tar müəllimi Qüdrət Məmmədov tərəfindən tədris olunur.

Təcrübə dərslərinin müəyyən hissəsi Bakı Musiqi Akademiyasında Ramiz Quliyevin sinfində təşkil olunur. Növbəti nümunəvi dərs zamanı Ramiz Quliyev Azərbaycanın milli sərvəti olan tarın sehrindən, məşhur tarzənlərimizin tara olan sevgisindən, Azərbaycanda tarın real ifaçılıq məktəbinin yaranmasından söhbət açıb, uşaq musiqi və incəsənət məktəblərində tarın tədrisinə dair müəyyən metodiki tövsiyələr verib. Sənətkar muğam üçlüyündə tarın müstəsna yerindən, tarın muğamlarımızın dünyada tanınmasında müstəsna rolundan bəhs edib, gözəl ifalar nümayiş etdirib. Bundan başqa, dinləyicilər də dərs prosesində öyrəndiklərini nəzəri və təcrübi baxımdan təqdim ediblər.

İxtisasartırma dərslərində iştirak edən müəllimlər eyni zamanda dərs dedikləri musiqi məktəblərindəki ümumi vəziyyətdən və şagirdlərin dərslərə olan münasibətlərindən söz açıblar. Söhbət zamanı Şuşa rayon Turşsu kənd uşaq musiqi məktəbinin müəllimi Amil Məmmədov pedaqoji fəaliyyətində Ramiz Quliyevin tar üçün olan pyeslər toplusundan yararlandıqlarını vurğulayıb. Eyni zamanda köçkünlük həyatında sənətə böyük maraq göstərən şagirdlərin bəzi sosial qayğılarından da söz açılıb.

Bu söhbətdən sonra ustad tarzən xeyirxah jest edərək Turşsu kənd uşaq musiqi məktəbinə tar hədiyyə edib. Məktəbin direktoru İlham Həsənovun da iştirak etdiyi görüşdə şagirdlər Əkbər Məmmədov və Rəşid İsmayılov görkəmli sənətkarın qarşısında müəllimlərindən öyrəndikləri muğamlardan kiçik parçalar ifa ediblər.

Ramiz Quliyev Şuşa musiqi məktəblərinin yetirmələrindən, onların Azərbaycan musiqi mədəniyyətinin inkişafında rolundan danışıb. Üzərində öz imzası olan tarı məktəbin kollektivinə təqdim edən sənətkar ümidvar olduğunu bildirib ki, məktəbdə istedadlı ifaçıların yetişməsində bu tardan da layiqincə istifadə olunacaq.

Mədəniyyət.- 18 may.- S. 12.