Bir-birimizin tarixini, gəzməli-görməli yerlərini yaxından tanımalıyıq”

Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar 25-27 apreldə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edib. Onunla söhbətimizdə ilk olaraq bu barədə təəssüratını soruşduq.

- Azərbaycanın son illər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi bizi sevindirir. Qlobal Forumda dünya üçün faydalı çıxışlar oldu. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da çıxış etdi. Vurğulanan məqamlar Azərbaycanın, Türkiyənin regional anlamda önəmini bir daha təsdiq etdi. İki ölkənin güclənməsi bölgədə sülhə də xidmət edər. Ona görə ki, biz insanların hüzuru və xoşbəxtliyi üçün çalışan bir millətin övladlarıyıq.

Azərbaycan beynəlxalq tədbirlərin təşkilində mühüm təcrübəyə malikdir. Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumu da artıq ənənə halını alıb. Bu yerdə onu deyim ki, əslində mədəniyyət millətin kimliyini təşkil edən özəllikdir. Bu müstəvidə ölkələrin bir-birini anlaması çox önəmli faktdır. Mədəniyyətlər həm də insanları yaxınlaşdıran bir faktordur. Bu baxımdan ölkəniz ciddi işlər görür, dünyaya sülh mesajları verir.

- Necə oldu ki, Türkiyə parlamentində Azərbaycanla dostluq qrupuna rəhbərlik sizin öhdənizə düşdübu müddətdə iki dövlətin yaxınlaşmasında daha çox hansı faktorun önəmli olduğunu gördünüz?

- Mən 1960-cı ildə Adananın Ceyhan şəhərində anadan olmuşam. Tibb sahəsi üzrə ali təhsil almışam. 2002-2007-ci illərdə səhiyyə nazirinin müşaviri vəzifəsində işlədim. Yeri gəlmişkən, ilk dəfə Bakıya o vaxt, 2003-cü il iyulun əvvəlində getdim. O zaman Heydər Əliyevin səhhətində problemlər vardı, görüşləri az olurdu. Amma demişdi ki, Türkiyə heyəti ilə mütləq görüşəcəyəm. Biz bir daha Heydər Əliyevin Türkiyə sevgisini gördük.

2007 və 2011-ci illərdə Adanadan millət vəkili seçildim. 2015-ci il seçkilərindən sonra üçüncü müddətdir parlamentdə təmsil olunuram. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupuna rəhbərlik etmək mənim üçün çox şərəflidir. Çünki Azərbaycanın Türkiyə üçün xüsusi önəmi var. Mən də istədim ki, bir millətin Cənubi Qafqazdakı parçası ilə münasibətləri koordinasiya edən dostluq qrupunun rəhbəri olum. Qardaş olmağımızla bərabər, ölkələrimiz arasında hər zaman daha yaxın dialoqa ehtiyac varonu bütün səviyyələrdə genişləndirməliyik. Tarixi keçmişimiz bugünkü və gələcək münasibətlərimiz üçün ən güclü təməldir.

Tarixə baxaq. Nuru paşa 1918-ci ildə öz əsgərləri ilə Bakının xilas edilməsində iştirak etdi, 1300 türk əsgəri şəhid oldu. 1920-ci ildə Türkiyə Qurtuluş müharibəsi vaxtı Azərbaycandan kömək istəyir. Bakıdan Türkiyəyə neft, kerosin göndərilir. Sonralar Atatürk Nərimanova bu köməyin əvəzini verməyi təklif etdiyində o, "Paşam, türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar" deyə cavab göndərmişdi. Bu, hələ neçə illər öncə dostluğumuza nümunə olan bir dialoqdur. Ata-babalarımızdan gələn bu dostluğu daha da genişləndirməli, bayraqlarımızı daha yüksəklərə qaldırmalıyıq.

- Ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün hansı məqamlara diqqət yetirilməlidir?

- Ölkələrimiz arasında siyasi əlaqələr, iqtisadi əməkdaşlıq yüksək səviyyədədir. Əlaqələri daha da genişləndirmək baxımından turizm məqsədli səfərlərin xüsusi yeri var. Turizm əlaqələri həm də mədəni əlaqələrin sıxlaşması deməkdir. Çünki biz bir-birimizin tarixini, irsini, gəzməli-görməli yerlərini daha yaxından tanımalıyıq. Türkiyə insanı Azərbaycana getdiyi zaman Bakı ilə yanaşı, Şəkini, Gəncəni də görməlidir. Mən şəxsən hər səfərimdə orada gördüklərimdən qürur duyuram. Xanımım Ərzurumdandır. O, Azərbaycana gələndə mənə söylədi ki, mən burada heç bir qəriblik hiss etmədim. Bu belə də olmalıdır. Bizim üçün Azərbaycan, sizin üçün də Türkiyə ikinci vətən, doğma yerdir.

 

Mehparə Sultanova

Ankara

Mədəniyyət.- 2016.- 18 may.- S. 10.