Milli Kitabxanada Argentina yazıçılarının kitabının təqdimatı olacaq

Mayın 13-də Argentinanın Azərbaycandakı səfiri Carlos Dante Riva və səfirliyin katibi Gisandro Basiliko Milli Kitabxanada olublar.

Direktor Kərim Tahirov qonaqlara kitabxana haqqında qısa məlumat verib. Kitabxananın beynəlxalq əlaqələrindən danışan K.Tahirov ötən il IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası zamanı Argentina Milli Kitabxanası ilə də əməkdaşlıq memorandumunun imzalanmasının nəzərdə tutulduğunu, lakin Argentina nümayəndə heyətinin Bakıya gələ bilməməsi üzündən təxirə salındığını diqqətə çatdırıb.

Öz növbəsində səfir bu görüşün əlaqələrin qurulacağına təkan verəcəyini deyib. O, Azərbaycan Tərcümə Mərkəzi ilə birgə Argentina yazıçılarının əsərlərinin Azərbaycan dilinə tərcümə olunaraq çap olunduğunu bildirib və həmin kitabın təqdimatının Milli Kitabxanada keçirilməsini təklif edib. Təqdimatın keçirilməsi barədə razılıq əldə olunub. Görüşün sonunda qonaqlara kitablar hədiyyə olunub.

Mədəniyyət.- 2016.- 18 may.- S. 6.