Kann festivalındakı Azərbaycan pavilyonunda görüşlər

Xəbər verdiyimiz kimi, mayın 11-də Fransanın Kann şəhərində 69-cu beynəlxalq film festivalı açılıb. Dünyanın ən seçkin kinofestivalı və sənət yarışması sayılan Kann film festivalında artıq altıncı ildir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan kinosu pavilyonu təşkil olunub.

Tədbirdə nazirliyin və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nümayəndələri iştirak edir. “Azərbaycanfilm”in Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Səmayə Əsgərovadan aldığımız məlumata görə, hər gün Azərbaycan pavilyonunda 20-dək prodüser, film festivalları rəhbərləri və kino sənayesinin digər nümayəndələri ilə görüşlər keçirilir.

Film Prodüserləri Assosiasiyası Beynəlxalq Federasiyasının direktoru Benoit Ginisty ilə görüş zamanı qarşılıqlı əlaqələr müzakirə olunub. Mayın 16-da isə Azərbaycan pavilyonuna görüşə gələn Avstriyanın “LET’S CEE” beynəlxalq film festivalının direktorları Magdalena ZelaskoWolfgang P.Schwelleyə mayın 21-də Vyanada bu festivalda nümayişi planlaşdırılan “Axınla aşağı” bədii filmi haqqında məlumat verilib.

Xatırladaq ki, “Axınla aşağı” filmi Vyana festivalının xüsusi proqramına daxil edilib. Qısa zamanda filmimizin nümayişinə bütün biletlər satılıb. Festival rəhbərləri Azərbaycandan ekran əsərlərini gözlədiklərini xüsusi vurğulayıblar.

Lalə Azəri

Mədəniyyət.- 2016.- 18 may.- S. 3.