“Azərbaycan Şekspir xalçası”

Görkəmli ingilis ədibinin xatirə ili ilə bağlı müsabiqə elan edilib

Böyük ingilis şairidramaturqu Uilyam Şekspirin (1564-1616) vəfatının 400 illiyi təkcə ədibin vətənində deyil, dünya miqyasında qeyd edilir. Ölkəmizdə də bu münasibətlə layihələr həyata keçirilməkdədir. Xalça Muzeyinin Dövlət Rəssamlıq Akademiyası və “British Council” ilə birlikdə elan etdiyi “Azərbaycan Şekspir xalçası” müsabiqəsi də bu qəbildəndir.

Mayın 18-də muzeydə müsabiqə ilə əlaqədar mətbuat konfransı keçirildi.

Muzeyin direktoru Şirin Məlikova çıxış edərək bu müsabiqənin dünyada bir ilk olduğunu dedi, böyük ədibin poetik aləmini Azərbaycanın qədim xalça mədəniyyəti ilə birləşdirmək baxımından əhəmiyyətini vurğuladı.

Bildirildi ki, layihə Qərb lirikası ilə Şərq estetikasını bir araya gətirəcək. Müsabiqədən Şərq və Qərb incəsənətinin klassik formalarına yeni baxışlar gözləyirik və ən yaxşı dizaynlar Xalça Muzeyində sərgilənəcək. Qalibin eskizi üzrə toxunan xalça isə Londonun ViktoriyaAlbert Muzeyinə hədiyyə veriləcək. Qalib Londona səyahət, ŞekspirQlobus” teatrı, ViktoriyaAlbert Muzeyi ilə tanışlıq imkanı əldə edəcək. Bu muzeydə XVI-XIX əsrlərə aid qiymətli Azərbaycan xalçaları saxlanılır.

Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov müsabiqənin əhəmiyyətindən danışdı, Şekspir yaradıcılığının Azərbaycan mədəniyyətinə töhfələrindən söz açdı.

"British Council"un Azərbaycan üzrə direktoru Elizabet Uayt yaradıcı insanları müsabiqəyə qoşulmağa dəvət etdi. Bildirdi ki, Azərbaycanın qədim xalçaçılıq ənənələri var: “Dünyanın ən qədim xalçalarından biri Cənubi Azərbaycandan olan Ərdəbil xalısıdır. Bu xalça Şekspirin dünyaya gəlməsindən 15 il öncə (1549) toxunmuş və hazırda Londonun ViktoriyaAlbert Muzeyində nümayiş olunur”.

"British Council"un regional direktoru Endi Vilyams ölkəmizlə bağlı təəssüratlarını bölüşdü, birgə əməkdaşlığın perspektivlərindən danışdı. Təşkilatın incəsənət üzrə meneceri Dilarə İbrahimova müsabiqə haqqında əsas məlumatları diqqətə çatdırdı. Bildirildi ki, müsabiqə 31 iyul 2016-cı il tarixdə sona çatacaq. Bütün dizaynlar onlayn formada təqdim edilməlidir və iştirakçılar əlavə məlumatı www.britishcouncil.az internet ünvanından ala bilərlər.

Mədəniyyət.- 2016.- 20 may.- S. 16.