“Canlı abidələr” Xaçmazda

Bakı Uşaq Teatrı milli geyimlərimizin təbliği ilə bağlı aksiyanı bu dəfə Xaçmazda reallaşdırıb. Mayın 16-da əyinlərində Azərbaycan milli geyimləri olan teatrın aktyorları şəhərin park və xiyabanlarını gəzib, tarix və mədəniyyət abidələrini ziyarət ediblər.

Şəhər sakinlərinə də “Canlı abidələr” adlanan layihəyə könüllü qoşulmaq imkanı yaradılıb. Teatrın kollektivi aksiya çərçivəsində açıq səma altında yaradılmış Şəxsiyyətlər Muzeyi və Tarix-Diyarşünaslıq Muzeyi ilə yaxından tanış olublar.

Bakı Uşaq Teatrının bədii rəhbəri İntiqam Soltan bildirib ki, layihənin məqsədi mədəni irsimizin bir parçası olan milli geyimlərimizi təbliğ etmək və yaşatmaqdır. Milli geyimlərimiz də tarixi abidələrimiz qədər əhəmiyyətlidir və gənc nəslin zövqünün formalaşmasına, dünyagörüşünün inkişafına müsbət təsir göstərir. Layihəyə əsasən, milli geyimdəki hər bir aktyor canlı abidə rolunu oynayır.

Bundan öncə Bakıda həyata keçirilən layihə digər şəhər və rayonlarda da reallaşacaq.

Mədəniyyət.- 2016.- 20 may.- S. 16.