Turizm proqramları üçün yeni modulların hazırlanması

ATMU əməkdaşları Almaniyada konfransda iştirak ediblər

Avropa İttifaqının “Davamlı turizmin idarəolunması sahəsində beynəlxalq bakalavrmagistr proqramları üçün yeni modulların hazırlanması” (SuToMa) layihəsi çərçivəsində Almaniyanın Vilhelmshaven şəhərində yekun konfrans keçirilib. Tədbirdə əsas tərəfdaşlardan olan Azərbaycan TurizmMenecment Universitetini Tədqiqat və inkişaf şöbəsinin rəhbəri Şəlalə Məmmədova və şöbənin İnkişaf bölməsinin rəhbəri, ATMU-da layihələr koordinatoru Kazım Quliyev təmsil ediblər. Layihə tərəfdaşları görülən işlər və nəticələr barəsində hesabatla çıxış ediblər.

Layihə rəhbərliyi, Yade Tətbiqi Elmlər Universitetinin vitse-prezidenti, professor Uve Vaythoner və Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Andrea Menn layihənin hazırlanmasında və icra olunmasında ATMU-nun rolunu xüsusi qeyd ediblər.

Tədbirin sonunda gələcək əməkdaşlıq üçün yeni fikirlər irəli sürülüb. Tədbirdə Azərbaycan TurizmMenecment Universiteti və Gürcüstanın İlia Dövlət Universiteti arasında əməkdaşlıq barədə anlaşma memorandumunun işlənib hazırlandığı da qeyd olunub.

Mədəniyyət.- 2016.- 20 may.- S. 9.