“Gənc memarların xəyalları”

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir

Mayın 18-də Azərbaycan İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib.

Muzeyin direktoru Fəridə Şəmsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsinin dekanı İmran Kərimov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Aygün İsgəndərova çıxış edərək əlamətdar günün əhəmiyyətindən söz açıblar. Bildirilib ki, Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə qeyd olunan gün bu il “Muzeylər və mədəni landşaftlarmövzusuna həsr edilib.

Tədbirdə Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii-Yaradıcılıq Evinin üzvləri musiqili kompozisiya təqdim ediblər.

Tədbir çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələrinin, habelə digər rəssamların əsərlərindən ibarət sərgi də açılıb. “Gənc memarların xəyalları” adlı sərgidə 34 əsər yer alıb.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərginin iştirakçıları muzey tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Tədbirdə Memarlıq və İnşaat Universitetinin tələbələri, paytaxt məktəblərinin şagirdləri və digər qonaqlar iştirak ediblər.

Mədəniyyət.- 2016.-20 may.- S. 7.