Beynəlxalq Muzeylər Günü ilə bağlı bölgələrdə tədbirlər

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Tarixi keçmişimizi yaşadan muzeylər” adlı tədbir keçirilib. Mərkəzin direktoru Aytən Zülfəliyeva və baş fond mühafizi Bahar Abasova çıxış ediblər. Mərkəzdəki dərnək və kurs üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış olub.

* * *

Salyan rayon Heydər Əliyev Mərkəzində "Muzeylər milli sərvətimizdir" adlı tədbirdə məktəblərin şagird və müəllim kollektivləri iştirak edib. İştirakçılar "Tarixdən süzülüb gələn Azərbaycan” adlı qədim əşyalar və "Azərbaycanda multikulturalizm ənənələri hər zaman yaşayacaq" adlı kitab sərgiləri ilə tanış olublar.

* * *

Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsində keçirilən tədbirdə şöbə müdiri Zümrüd Ağakişiyeva əlamətdar gün münasibətilə muzey işçilərini təbrik edib. “Mədəni sərvətlərimizin saxlanc yerləri və respublikada olan muzeylərin bugünü”, “Rayon Tarix-Diyarşünaslıq Muzeyi haqqında” və s. mövzularda məruzələr dinlənilib.

* * *

Masallı rayon Heydər Əliyev Mərkəzində “Muzeylər və mədəniyyət landşaftları” mövzusunda tədbir və “açıq qapı” keçirilib. Mərkəzin direktoru D.İbayeva, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış ediblər. Sonra sərgiyə baxış olub. Milli rəqs dərnəyi üzvlərinin ifası tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

* * *

Qazax rayon Heydər Əliyev Mərkəzində “Muzeylərin vətənpərvərliyin təbliğində rolu” başlıqlı tədbirdə “İgidlərin beşiyi - elim mənim” adlı sənədli film nümayiş etdirilib. Çıxışlarda muzeylərin vətənpərvərliyin təbliğində rolundan danışılıb. Sonda məktəblilər arasında vətənpərvərlik mövzusuna həsr olunmuş müsabiqədə fərqlənənlərə hədiyyələr verilib.

* * *

İmişli Rayon Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə "açıq qapı" elan olunub. Muzeyin əməkdaşları eksponatlar barədə ziyarətçilərə geniş məlumat veriblər.

* * *

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Muzeylər - mədəniyyət landşaftları. Muğan mədəniyyəti” mövzusunda tədbir keçirilib. Mərkəzin direktoru G.Aslanova, tarix müəllimləri Ələsgər Mirzəzadə, Rza RzayevBilal Hüseynov çıxış ediblər. Qədim Muğan mədəniyyətindən bəhs slayd nümayiş etdirilib.

* * *

Siyəzən rayon Heydər Əliyev Mərkəzində "açıq qapı" elan olunub. Ziyarətçilər mərkəzin ekspozisiyalarına və gənc rəssam Pəri Mirzəyevanın rəsm əsərlərindən ibarət sərgiyə baxıblar. Sonda mərkəzin fəaliyyətini əks etdirən video-slayd təqdim olunub.

* * *

Qəbələ məktəbliləri rayon Tarix-Diyarşünaslıq Muzeyinə tez-tez baş çəkirlər. Onlar eksponatlarla tanış olur, tarix, ədəbiyyat dərsləri ilə bağlı əyani vəsaitlərdən istifadə edir, onlara göstərilən diqqətə görə muzey kollektivinə təşəkkürlərini bildirirlər.

Mədəniyyət.- 2016.- 20 may.- S. 4.