Meksikada Azərbaycan kinosu günləri

Mexiko şəhərindəki Meksika Milli Film Arxivində (CINETECA) ölkəmizin Meksikadakı səfirliyinin və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan kinosu günləri keçirilir.

Səfirlikdən bildiriblər ki, tədbir Azərbaycan ilə Meksika arasında mədəni əlaqələri möhkəmləndirmək və bu ölkə tamaşaçılarını Azərbaycan kinosunun klassikmüasir nümunələri ilə tanış etmək məqsədilə təşkil olunub.

Mayın 26-dək davam edəcək kino günlərinin proqramına 7 ekran əsəri - “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Yarasa”, “Özgə vaxt”, “Çölçü”, “Nabat” və “Axınla aşağı” bədii filmləri daxildir.

Meksika Milli Film Arxivinin (CINETECA) proqram direktoru Nelson Karro bu ölkədə ilk dəfə olaraq Azərbaycan filmlərinin nümayiş olunmasından məmnunluğunu ifadə edib.

Səfirliyin müvəqqəti işlər vəkili Mehriban Səmədova Meksikada Azərbaycan kinosu günlərinin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu hadisə iki ölkə arasında mədəniyyətlərarası dialoqa töhfədir. Diplomat Azərbaycanın mədəniyyətindən, adət-ənənələrindən söhbət açıb, kinematoqrafiyanın mədəni irsimizin qorunub saxlanması, inkişaf etdirilməsi və təbliğində xüsusi rola malik olduğunu vurğulayıb. Qeyd edib ki, Meksika tamaşaçısı zəngin irsə malik Azərbaycan kinosunun müxtəlif dövrlərə aid nümunələri ilə tanış olacaq.

SonraArşın mal alanfilmi (1945) nümayiş etdirilib. Film meksikalı tamaşaçılar tərəfindən diqqətlə izlənilib alqışlarla qarşılanıb.

Filmin nümayişindən sonra qonaqlara ölkəmizin milli mətbəx nümunələrindən ibarət ziyafət verilib.

Azərbaycan filmləri ispan dilində subtitrlə nümayiş olunur. Subtitrlər CINETECA tərəfindən ispan dilinə tərcümə edilib.

CINETECA ölkədə filmlərin saxlanılması, kataloqlaşdırılması, yayımlanması fəaliyyətini həyata keçirir. Kinoarxivdə 15 mindən çox müxtəlif formatda film saxlanılır.

Mədəniyyət.- 2016.- 25 may.- S. 16.