Vəli Xuluflu

Uzaq-ucqarımızdan paytaxtımıza gəlib, milli çırağımızı yandıranlardan biri...

Azərbaycan el-obalarını oymaq-oymaq gəzib, xalqın hikmət qənimətlərini - tapmacasından tutmuş atmacasınadək bütün ağız incilərini, şifahi ədəbiyyat yatırını imkanı qədər toplayıb çap etdirən bu repressiya qurbanı rəsmi-rəyasi mənbələrdə yalnız ölümündən 18 il sonra (1956-cı ildən) “görkəmli ədəbiyyatşünas-alim”, “alovlu publisist”, “mükəmməl ziyalı”, “ictimai xadim” adlandırılıb...

Sağlığında isə dost-aşinalar arasında onu, saysız “elat səfərləri” sil-siləsində dil-ağızlardan yazıya alıb 1927-ci ildə çap etdirdiyi bəlli qəhrəmanlıq dastanımızla ilgili - “Koroğlunun qələm dəlisi” adlandıranlar da varmış...

Amma...

Bu da qeyd olunmalıdır ki, bu böyük ziyalı-alim də “böyük siyasi aldanmışlarımız”dan olmuşdur. O da, hansısa imperialist xislətli bir dövlətin qeyri-leqal işğalçılıq siyasətini “məzlum xalqlara səadət” fəlsəfəsi kimi qəbul edərək, müstəqil Cümhuriyyət dövründə (1919) bolşevik partiyası sıralarına daxil olmuş, bu bəşəri siyasi fiksə - məcburi biətdən və güzərani-vacibətdən - xeyli xidmət göstərmişdir.

Lakin həmin o rəsmi-rəyasi komanda Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun elmi katibi, Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, Mərkəzi Arxiv İdarəsinin müdiri, Xalq Maarif Komissarlığında universitet və elmi-tədqiqat müəssisələri idarəsinin rəisi, Dövlət Elmi Şurasının sədr müavini, SSRİ EA Azərbaycan şöbəsinin baş mütəxəssisi işləmiş, Yeni Türk Əlifbası Komitəsinin üzvübu əlifbanın digər ölkə xalqları arasında yayılması üzrə baş təlimatçısı kimi əvəzsiz xidmətləri, “Azərbaycanı Tədqiq və Təbliğ Cəmiyyəti”nin işlərində fəal çalışmaları olmuş bu ziyalını Zaqafqaziya Federasiyasının 10 illiyində “İctimai-elmi və ədəbi xidmətlərinə görə” fəxri tərifnamə və bir qızıl saatla təltif etmişdir. Həmin o saat isə çox az - onun 1938-ci ildə güllələnməsinədək işləmişdir...

Dost-aşinalarının və zaman keçdikcə elmi-ədəbi ictimaiyyətin, xalqın ona münasibət və qədir-qiyməinə gəldikdə isə...

Baxaq;

Adlı-sanlı tədqiqatçılar, məşhur oçerkistlər bu alimi “Azərbaycan ədəbiyyatşünaslığında xüsusi azman imza”, “folklorumuzun toplanması, nəşri və tədqiqində ən ardıcıl və ən fədakarlardan biri”, “elmi və xəlqi ziyalı”, “səbrü-qərar kanı” kimi frazalarla təqdim və yad edirlər. Bu deyimlərdən sonuncusu daha çox onun ötən əsrin 20-ci illərinin ortalarında dəfələrlə səfər edib, həftələr-aylarla qaldığı bölgələrimizdə, bolşevizmin mənəvi-psixoloji təcavüz “eroziya”sına məruz qalmış xalqımızın qeyrət-qəhrəmanlıq ruhunu qaldırmaq sevda-sevgilərilə bağlıdır. Nəhayət, bu fədakar alim 1927-ci ildə aşıq Hüseyn Bozalqanlının dilindən qələmə aldığı iki, 1929-cu ildə dörd qolu və 6 nağılvari hekayət olmaqla, yüz ilə yaxındır oxuyub dili-millən coşğulandığımız “Koroğlu” dastanımızı (əlbəttə, zaman-zaman təkmilləşdirilmə və əlavələr edilməsini də qeyd etməliyik) kitab halında nəşr etdirir.

Böyük alimimiz həmin illərdə bir-birinin ardınca tərtib etdiyiEl aşıqları” (1927), “Tapmacalar” (1928) kitablarını da çap etdirir. El aşıqları” kitabına Qurbani, Xəstə Qasım, Dədə Ələsgər, aşıq Hüseyn Şəmkirli və başqalarının tərcümeyi-halları ilə yanaşı, yaradıcılıqlarından yazıya aldığı yüzdən çox qoşma, gəraylı, təcnisləri, habelə Hüseyn Şəmkirliyə məxsus “Reyhan” dastanını da daxil edir. Mütəxəssislərin fikrincə, həmin kitabın əhəmiyyəti yalnız aşıq yaradıcılığının toplanması və nəşri ilə bitmir, o, eyni zamanda o vaxtdan bəri nəşr edilən aşıq şeirlərinin toplanılma və tədqiqi prinsiplərinin əsasını qoymuş olub.

Maraqlıdır ki, V.Xuluflu araşdırıcılarından biri müəllifin həmin kitabına yazdığı kiçik müqəddimədə bir tərəfdən keçmiş kəndin çox geridəqalmış və avamlığını açıb göstərməyə çalışdığını, digər tərəfdən, bu ilkin yaşayış məkanlarının, onlardan çıxan intellektlərin böyük şəhər və paytaxtların, ümumən sivilizasiyaların formalaşmasında əvəzsiz mənbə olması fikrini vurğuladığını söyləyir. Yəni, “xalq öz yolunu azan mollaya mənfi münasibət bəsləyib və “mollanın yeddisinin başı bir qazanda qaynamaz”, “mollanın dediyinə bax, əməlinin dalınca getmə” kimi fikirlər işlədərək dindarları aşağılayıb, “gəzib-dolaşan canlı sənət”, “xalq ədəbiyyatının və xalq düşüncəsinin canlı bir kitabı” deyə müdriklik zirvəsinə qaldırdığı aşıqları “kənddəki hakim sinfin və varlıların zövqünü oxşayan” məzmunlu qeydlərinə də məruz qoyur.

Bu kimi fikirlərdə həqiqət var. Lakin bu ikiliyin özünəməxsus incə bir “nədən”i də var. Belə ki, onun ürəyinin öz, qələminin isə, sözün hər iki mənasında, “özgə” məntiqi olub...

Bu dəmdə bu gözəl və özəl folklorşünasın “ürək məntiqi” ilə yazdığı bir yazıdan iki parça:

“Aşıqlar kəndin öz arasından çıxan, çox halda çobanlıq və ya nökərçilik zamanı yavaş-yavaş söz deyib, bala-bala saz çalmağı öyrənən, sonra da el-el, oba-oba gəzən sənətkarlardır. Bunlar camaatın hər bir xeyir işində, hayında-toyunda, şənində-sünnətində saz-sözüylə hazır olanlardır”.

İlin hansı fəslində olursa-olsun, bir kəndə aşıq gəldimi, böyüklü-kiçikli bütün oba onun başına toplanar. Günün qulağı batan kimi yatmağa öyrəşmiş kənd uşaqları, ələlxüsus, nökərlər, sığırçılar axurlarda, xırmanlarda, dam-divar dibində böyüklərlə bərabər səhərəcən aşığın dəst dastanlarına, noğul nağıllarına qulaq asarlar. Bax, aşığın kütləni tərbiyə etməsi məsələsi də buradan başlanır”...

1928-ci ildə V.Xuluflu Azərbaycanı Öyrənmə Cəmiyyətinin xəttilə daha bir canlı xalq xəzinəsini - “Tapmacalar” kitabını nəşr etdirir. Tapmacaların ideya və bədii xüsusiyyətlərindən bəhs edən yığcam, lakin dərin məzmunlu müqəddimədə Azərbaycanda o dövrədək heç tədqiq olunmayan tapmacaların əhəmiyyəti, xalq ədəbiyyatı növləri içərisində mövqeyis. haqda danışan müəllif, onların xalq həyatı, məişəti, yaşayış tərzi, məşğuliyyəti və s. yaşamı ilə əlaqədar yarandığını, xalq həyatının “matematikası” olduğunu söyləməsi ardınca yazır: “El ədəbiyyatının başqa növlərinə nisbətən tapmacaların materialı daha realdaha təbiidir. Təbiətdə və həyatda nə görülürsə, tapmaca da onun üzərində qurulur. Kitabçanı başdan-ayağa qədər oxuyanlar bu materialların hamısının əfsanə və mövhumat üzərində deyil, təbiət üzərində qurulduğunu görəcəkdir. ...Tapmacalar da uzun qış gecələrində adamları lampa işığı, yanar ocaq kimi başına toplayan xalq yaradıcılığı qüvvəsidir. Kəndlilər, ələlxüsus uşaqlar, bu xoş “çətincə” başına yığışıb, deyə-gülə xeyli gap-qələcə eləyərlər. Axı oralarda teatr, kino, sirks. bu kibi başqa ictimai yer, məşğuliyyət ünvanları yoxdur...”

Yorulmaz folklorşünas tapmacaların tək elə toplanması ilə deyil, onların coğrafi fərq və müqayisələrilə də məşğul olurmuş. Onlardan birini nümunə gətirmək marağındayam. Daim səfərlərdə olmuş bu tədqiqatçı öyrənib ki, kitab haqda məşhur tapmacanı Naxçıvanda:

 

Ay gedər adamla,

Bir xonça badamla,

dili var, ağzı

Hey danışar adamla -

 

Bakıda (konkret olaraq Buzovnada) isə:

Ay gedir adamınan,

Bir xonça badamınan,

dili var, ağzı

Danışır adamınan -

formasında deyirmişlər. Hələ burası da var ki, bu kitabçanın özəlliyi tək elə tədqiqatçının tapmaca janrının spesifik xüsusiyyətləri, bayatılarımızda olduğu kimi - az sözdə çox məna (hələ məqsədli yanıltma-yalanpışlığını demirik!) ifadə etməsindən dolayı fikirlər söyləməsi ilə məhdudlaşmır. Məsələnin birtapmaca”lılığı da bundadır ki, kitabda verilmiş 726 tapmaca əlifba sırası ilə düzülmüş hər birinin yazıya alındığı yerlər qeyd edilmişdir.

Ömrünü xalqının bütün mənəvi yatır-xatırlarını tapmağa sərf etsə , sondaxalq düşməniadlandırılan, qəbri qədir-qiyməti tapmacalanan bu alim 1894-cü ildə Şəmkirin Xuluflu kəndində göz açmışdı buvəfalı dünya”ya...

Tahir Abbaslı

Mədəniyyət.- 2016.- 25 may.- S. 11.