Sadələşdirilmiş viza rejimi bəhrəsini verir

Ölkəmizə Birləşmiş Ərəb Əmirliklərindən gələn turist sayı artıb

Azərbaycana turist cəlb etmək baxımından mühüm ölkələrdən sayılan Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) bu il respublikamıza səyahətə gələnlərin sayı xeyli dərəcədə artıb. Təkcə aprel ayında BƏƏ-dən ölkəmizə 2,5 min nəfər səfər edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 20 dəfədən çoxdur.

Bu, son illərdə Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı Marketinq Strategiyasına əsaslanan təbliğat işlərinin gücləndirilməsi, 2011-ci ildən etibarən BƏƏ-də təmsilçi ofisin fəaliyyətə başlaması, eləcə də 2015-ci ilin noyabr ayından etibarən bu ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiqinin real nəticəsidir.

Aparılan təhlil və araşdırmalar nəticəsində BƏƏ-nin digər Fars körfəzi ölkələri ilə birlikdə ölkəmiz üçün turizm baxımından prioritetlərdən biri olduğu müəyyən edilibbundan sonra həyata keçirilən marketinq siyasəti və kampaniyalarının bir qismi planlaşdırılmış şəkildə sözügedən ölkələrə hədəflənib.

2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə BƏƏ-nin “Atlantis Holidays” şirkəti arasında müqavilə imzalanıb və həmin ildən bu ölkədə nazirliyin təmsilçi ofisi fəaliyyət göstərir. Ötən müddətdə şirkət tərəfindən Körfəz ölkələrindən turistlərin cəlb olunması, turistlərin ölkəmizə səyahət etməsinin stimullaşdırılması, regionda Azərbaycanın maraqlarının təmsil olunması, ölkəmizlə bağlı təbliğat və təşviqat kampaniyalarının, birgə tədbirlərin, infoturların təşkili kimi işlər görülüb.

Təsadüfi deyildir ki, 2015-ci il ərzində Körfəz ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 16 faiz atım baş verib. BƏƏ-dən 2016-cı ilin ilk 4 ayı ərzində gələn turistlərin sayı 6624 nəfər olub ki, bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə (363 nəfər) 18 dəfə çoxdur.

Onu da qeyd edək ki, 2016-cı ilin 1 fevral tarixindən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, MalayziyaSinqapur vətəndaşlarına da Azərbaycanın beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilib. Bununla əlaqədar, yaxın zamanlarda sözügedən ölkələrdən də Azərbaycana gələcək turistlərin sayında artımın baş verəcəyi gözlənilir.

Mədəniyyət.- 2016.- 25 may.- S. 9.