Sumqayıtda şəhər turunun açılışı keçirilib

Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi və təşkilatçılığı ilə şəhər turunun açılış mərasimi keçirilib. Tədbirə rəsmilər, şəhər ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri qatılıblar.

Sumqayıtın Tarixi Muzeyindən start götürən marşrut Heydər Əliyev Mərkəzini, Corat kəndini, yeni salınmış şəhər bulvarını, Şəhidlər xiyabanını, Sumqayıt Dövlət Rəsm Qalereyasını, Bayraq meydanını əhatə edib.

Tur iştirakçıları Corat kəndində Hacı Məcid hamamı (XVI əsr) və Gülxatun məscidinə (XVIII əsr) baş çəkib, şəhər bulvarında yaradılan şəraitlə tanış olublar.

Sumqayıt Dövlət Rəsm Qalereyası ilə tanışlıq da maraq doğurub. Onlara qalereyanın fəaliyyəti, fondu, nümayiş olunan əsərlər haqqında ətraflı məlumat verilib. Qalereyanın qarşısında mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivlərinin ifasında səslənən musiqi nömrələri iştirakçıların ürəyincə olub.

Tur Bayraq meydanını, Heydər Əliyev abidəsini ziyarətlə yekunlaşıb.

Mədəniyyət.- 2016.- 25 may.- S. 8.