Mərkəzi İncəsənət Məktəbinin Respublika Gününə həsr olunmuş konserti

Mayın 21-də Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 28 May - Respublika Gününə həsr olunmuş konserti keçirilib.

Konsertdən əvvəl filarmoniyanın foyesində məktəbin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub. Konsert Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti (dirijor Fuad İbrahimov) ilə baş tutub.

Proqramın I hissəsində məktəbin şagirdlərinin ifasında İ.Qummel, Y.Konyus, P.Sarasate, V.Şelokov kimi dünya bəstəkarlarının əsərləri səsləndirilib.

II hissədə isə L.V.Bethoven, F.Şopen, R.Şuman və K.Sen-Sansın fortepiano üçün musiqiləri təqdim olunub. Məktəbin respublika və beynəlxalq müsabiqələr laureatları olan şagirdləri konsertdə öz məharətlərini uğurla nümayiş etdiriblər.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Təhsil və gənclərlə sektorunun müdiri Lalə Kərimova, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi müavini Nazim Əliyev, Xalq artisti Zəhra Quliyeva, musiqişünas, professor Zemfira Qafarova, paytaxtın uşaq musiqi və incəsənət məktəblərinin direktorları, valideynlər, musiqisevərlər iştirak ediblər.

Mədəniyyət.- 2016.- 25 may.-  S. 4.