Gənc skripka ifaçısının növbəti nailiyyəti

Mayın 21-də Moskvada Sergey Prokofyev adına II Beynəlxalq Musiqi Müsabiqəsi başlanıb. Müsabiqədə iştirak edən azərbaycanlı gənc skripkaçı Ceyla Seyidova Qran-pri mükafatına layiq görülüb. Müsabiqə qalibləri 29 mayda keçiriləcək qala-konsert zamanı mükafatlandırılacaq.

Ceyla Seyidova 2004-cü ildə Kövkəb Səfərəliyevaya həsr edilmiş gənc ifaçıların I festivalının qalibi, 2005-ci ildə Tbilisidə keçirilən festivalın, 2010-cu ildə Spivakov adına VII Beynəlxalq Musiqi Festivalının laureatı olub. 2011-ci ildə Belçikanın Namur şəhərində, 2014-cü ildə Yunanıstanın Rodos şəhərində keçirilən müsabiqələrdə 1-ci yeri tutub.

2007-ci ildə Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitab"ına yazılıb. Ölkə başçısının sərəncamı ilə 2015-ci ildə Gənclər üçün Prezident mükafatına layiq görülüb.

Mədəniyyət.- 2016.- 25 may.- S. 4.